Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.
Nazir görüşdə “Yüksəliş” müsabiqəsini ölkədə idarəçilik potensialına malik şəxslərin aşkarlanması, onların inkişafının dəstəklənməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.
Görüş zamanı ötən ilin qaliblərinin kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslərdə yaxından iştirakı da qeyd olunub. Bildirilib ki, onların aqrar sahə ilə bağlı görüşlərdə, müzakirələrdə və müxtəlif fəaliyyətlərdə iştirak etməsi həm bu istiqamət üzrə biliklərinin genişlənməsinə, həm də praktik idarəetmə baxımından yeni baxışlar qazanmasına töhfə verib
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.