Sloveniyanın Dövlət Assambleyasının (parlamentin aşağı palatası) yeni sədri, Resni.ca partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirməyi planlaşdırdığını bildirib.
Bizim.Media xəbər verir ki, o, Sloveniya Radio və Televiziyasına açıqlamasında deyib ki, bu məsələdə xalqa vəd veriblər və həmin referendumu keçirəcəklər.
Stevanoviç özünü “Rusiya yönümlü” deyil, “Sloveniya yönümlü” siyasətçi adlandırıb.
Onun sözlərinə görə, Sloveniya müstəqil və suveren siyasət yürütməli, bütün ölkələrlə, xüsusilə böyük dövlətlərlə əməkdaşlıq etməlidir, lakin bu əməkdaşlıq heç bir halda tabelik anlamına gəlməməlidir.
O, həmçinin ölkəsinin başqa dövlətlərin hərbi və diplomatik münaqişələrinə qarışmasının Sloveniyaya fayda vermədiyini vurğulayıb.
Bununla belə, hazırda söhbət yalnız siyasi niyyətdən gedir.
Xatırladaq ki, Stevanoviç 10 aprel 2026-cı ildə Sloveniya parlamentinin sədri seçilib və yeni parlamentin formalaşması ölkədə mürəkkəb siyasi vəziyyət yaradıb.
Bizim.Media