AZ

Mansur Yavaş həbs oluna bilər - İstintaq başladı

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində istintaq aparılması üçün icazə verilib.

“Yeni Sabah”ın xəbərinə görə, qərar Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən qəbul olunub.

Məlumata görə, araşdırma 2023-cü ildə Karabük şəhərində keçirilən seçki mitinqi zamanı bələdiyyəyə məxsus bəzi nəqliyyat vasitələrinin istifadə edilməsi iddiaları ilə bağlıdır. İddialara əsasən, həmin dövrdə seçki kampaniyası çərçivəsində bələdiyyənin avtomobilləri, texniki avadanlıqları və işçi heyətindən istifadə olunub.

Qərardan sonra Ankara Böyükşəhər Bələdiyyəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, qərar mətnində Mansur Yavaşın birbaşa göstəriş verdiyini təsdiqləyən hər hansı konkret sübut və ya fakt yoxdur. Bələdiyyədən həmçinin vurğulanıb ki, seçki kampaniyaları zamanı ictimai resurslardan istifadə edilməməsi prinsipinə ciddi əməl olunub və Mansur Yavaş hətta kampaniya dövründə bələdiyyə başçısı maaşını belə almayıb.

İstintaq yalnız M.Yavaşı deyil, ümumilikdə 8 bələdiyyə əməkdaşını da əhatə edir. Araşdırma çərçivəsində 2023-cü il prezident seçkiləri dövründə müxtəlif mitinqlərdə bələdiyyəyə məxsus texnika və personalın istifadə edildiyi iddiaları yoxlanılacaq.

Türkiyənin əsas müxalif siyasi qüvvəsi olan Cumhuriyət Xalq Partiyasının (CHP) təmsilçisi olan M.Yavaş son illərdə yerli idarəetmədə qazandığı nüfuz və ictimai dəstək fonunda partiya daxilində önəmli siyasi fiqurlardan biri hesab olunur. Növbəti prezident seçkiləri ərəfəsində CHP-nin mümkün namizədləri arasında Əkrəm İmamoğlu ilə yanaşı, Mansur Yavaşın da adı hallanır və onun alternativ namizəd kimi irəli sürülməsi ehtimalı istisna edilmir.


Telegram kanalımız
Seçilən
20
2
yenisabah.az

3Mənbələr