AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr.Faiq Ələkbərli
II Yazı
Sovetlər Birliyi dövründə məqsədli şəkildə xüsusən Əfşarlar, Qacarlar “iranlı”, “persia” adı altında Azərbaycan türklərinə düşmən elan edilib Çarlıq Rusiyasının Qafqazı, o cümlədən Güney Qafqazı və Quzey Azərbaycanı işğal etməsini isə “tərəqqipərvər” Çarlığa birləşdirmə adlandırıb bayram günü kimi qeyd olunmasına cəhdlər göstərilmişdir. Ən geniş yayılmış fikirlərdən biri də o idi ki, Quzey Azərbaycanın Çarlıq tərəfindən işğal olunub Qacarlar dövlətinin tərkbində qalmaması böyük “uğur” imiş. Sovet ideolqlarının apardığı təbliğata görə, Çarlıq işğalı olmasaydıo zaman Quzey Azərbaycan xalqı da Güney Azərbaycan xalqı kimi təhsildən, mədəniyyətdən uzaq qalacaq, bununla da yalnız “tərəqqipərvər”, qabaqcıl Rusiyanın deyil, eyni zamanda Avropa mədəniyyətindən də faydalana bilməyəcəkdi.[1]
Şübhəsiz, bütün bunların fonunda nəinki milli, hər hansı bir obyektiv tarixçiliyin, ədəbiyyatın, dilçiliyin, fəlsəfənin yazılmasından söhbət gedə bilməzdi. Xüsusilə də, repressiya dövründən (1930-cu illərin ortalarından) başlayaraq, hətta, ən azacıq obyektiv və milli ruhlu mülahizələr, baxışlar belə qəbuledilməz olmuşdur. Bu baxımdan “Böyük Rusiya” tərəfdarlarının çoxunun (N.Nərimanov, Ə.Qarayev, S.M.Əfəndiyev, R.Axundov və b.) belə rasional, ya da qeyri-rasional bütün varlıqları ilə marksizm-leninizmə bağlı olmalarına baxmayaraq repressiya olunmalarının əsas səbəbi dünyagörüşcə yarımçıq sovetləşib-ruslaşıb, digər anlamla da yarımçıq türklük şüurunda qalmaları idi. Sovet-Rus ideoloqları üçün türklük şüurundan, Türk dünyagörüşündən tamamilə uzaqlaşmayanlarla sovetləşdirmə, ruslaşdırma siyasətini həyata keçirmək qüsurlu idi və bunun üçün də türksüz “Azərbaycan”nın bəyanından sonra yeni, acımasız bir mərhələ başlamışdır.
Bu məsələ ilə bağlı, hələ, 2014-cü ildə nəşr olunmuş “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” kitabımızda da bəzi aydınlaşdırmalar aparmışdıq: “1940-1950-ci illərdə hər hansı bir Azərbaycan Türk mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə Mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, “Kitabi-Dədə Qorqud”a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, “Kitabi-Dədə Qorqud”un “Avesta”dan fərqli olaraq, birmənalı şəkildə Türk mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Çox az saylı mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun materialist filosof olmasına baxmayaraq, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” (1949) əsərində Şeyx Şamil hərəkatını müsbət qiymətləndirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur.[2] Bundan “nəticə” çıxardan digər Azərbaycan filosofları (M.Qasımov, M.Ağamirov, F.Q.Köçərli və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində islamçılığı və türkçülüyü tənqid etməklə yanaşı, “böyük qardaşın” – rusların Çar Rusiyasının və Sovet Rusiyasının timsalında Azərbaycanı işğal etməsinə haqq qazandırır, bir çox Azərbaycan Türk mütəfəkkirlərinin rus ictimai fikrindən ilham aldığını yazırdılar”.[3]
Bütün bunların nəticəsi olaraq 1966-cı ildə nəşr olunan “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında da iddia olunurdu ki, Azərbaycan xalqının əcdadları soykökcə Türk olmayan midiyalılar, albanlar, kaspilər olublar. Xüsusilə, burada midiyalılar Azərbaycan xalqının əsas əcdadı kimi göstərilir və bu prizmadan çıxış edən müəlliflərə görə Azərbaycan xalqının qədim dövrdə və erkən orta əsrlərdə dini-mənəvi dünyagörüşünün öyrənilməsində Azərbaycandan olan “midiyalı” Zərdüştün adı ilə bağlı zərdüştilik və onun müqəddəs kitabı “Avesta” mühüm yer tutmuşdur.[4] Bu kitabın müəlliflərinə görə ilk orta əsrlərdə meydana çıxmış maniliklə məzdəkizmin baniləri, yəni uyğun olaraq Mani və Məzdək də mənşəcə “iranlı” olmuşlar. Belə ki, guya Maninin anası “İran” mənşəli arşakilər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur.[5]
Bütün bunlarda əsas məqsəd türksüzləşdirmə siyasəti çərçivəsində etnik mənşəcə irandilli midiyalı, ya da qafqazdilli alban, ancaq danışdığı dilə görə türkdilli elan edilmiş “Azərbaycan xalqı”nın buna uyğun olaraq tarix, fəlsəfə tarixi, ədəbiyyat tarixi, dilçilik tarixi, mədəniyyət tarixini ortaya qoymaq idi. Üstəlik, həmin “Azərbaycan xalqı”nın bir millət kimi formalaşmasının XIX əsrin ikinci yarısına aid edilməsi də təsadüfi olmamışdı. Hər halda Quzey Azərbaycan türklərinin varlığının bütün vasitələrlə inkarı fonunda, guya türklərin buraya “gəlmə” olması, üstəlik “gəlmə” türklərin dünyagörüşcə vəhşi, barbar olub “mədəni”, “yerli” qafqazdilli, irandilli xalqları türkləşdirməsi mülahizələri məhz türksüz “Azərbaycan milləti”nin formalaşmasına hesablanmışdı. Bu cür əsassız, uydurma mülahizələrlə, yəni Azərbaycan xalqının Türk olmamasını, sadəcə, zorla türkləşdirilib hazırda Türk dillərindən birində danışmasını, bu xalqın daim imperiyaların işğalı altında olmasını təbliğ etməklə yanaşı, yalnız XVIII əsrdən etibarən əvvəlcə xanlıqlar, daha sonra da Çarlığın işğalı dövründə Avropa millətçiliyinin təsiri ilə millət kimi formalaşmasını əsaslandırmağa çalışmışlar.
Bu uydurma Avropa-Sovet tarixçiliyinə görə Orta çağda zorla türkləşdirilmiş, etnik mənşəcə irandilli və qafqazdilli olmuş Azərbaycan xalqına münasibətdə Türk dövlətləri (Səlçuqlar, Baharlılar, Bayandırlılar, Əfşarlar, müəyyən qədər də Səfəvilər və b.), xüsusilə də Osmanlılar, Əfşarlar, Qacarlar hər zaman yad, düşmən vəimperialist mövqe tutmuşlar. Guya, Çarlıq Rusiyası da məhz bu imperialist Türk dövlətləri, xüsusilə də Qacarlarla müharibələr nəticəsində Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal etməklə Azərbaycan xalqını “İran” və Osmanlı zülmündən xilas etmişdir. Bu baxımdan Çarlıq ideoloqları yuxarıda da yazdığımız kimi, imperiya siyasətini pərdələmək üçün Quzey Azərbaycan xalqını etnik mənşəcə türklərdən ayırıb türkdilli elan edir və həmin türkdilli xalqın da əslində qafqazdilli ya da irandilli olub, vaxtilə Səlcuq türkləri tərəfindən zorla türkləşdiyini təbliğ edirdilər.
Beləliklə, yalnız 1960-cı illərdə nəşr olunan “Azərbaycan tarixi” üç cildiliyində deyil, eyni zamanada “Azərbaycan ədəbiyyat tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi” kitablarında da antitürk təbliğatı aparılmış, Quzey Azərbaycan xalqının Türk dövlətlərinin (Səfəvilər, Əşralar, Qacarlar) sözdə “müstəmləkəçi”liyindən qurtulub əvvəlcə xanlıqlara parçalanmasını və daha sonra da çar Rusiyası tərəfindən işğal olunmasını faciə deyil, mütərəqqi, tərəqqipərvər hadisə kimi əsalandırmağa, izah etməyə çalışmışlar. Əsil həqiqəti isə ondan ibarətdir ki, quzeyli-güneyli Azərbaycan xalqı nəinki həmin Türk dövlətlərinin müstəmləkəsi olub, tam əksinə sözükeçən Türk dövlətlərinin özbəöz qurucuları idi. O zaman mümkün deyil ki, həmin dövlətlərin qurucusu və əsas nüvəsi olan Azərbaycan türkləri özü özünün müstəmləkəçisi olsun! Şübhəsiz, bu Sovet-Rus imperiya təfəkkürünün məhsulu olub, Quzey Azərbaycan xalqını mümkün olduğu qədər öz Türk kökündən, Türk dünyagörüşündən uzaq tutmaq və ruspərəst, rusdilli formaya salmağa xidmət etmişdir.
Sovet-Rus ideoloqları bu işi həyata keçirmək üçün də, son iki əsrdə daha çox Quzey Azərbaycan xalqının öz içindən antitürk ruhlu məmurlar, alimlər, müəllimlər təbəqəsi formalaşdırmağa çalışmış və xeyli dərəcədə də bu məsələdə işlər görmüşlər. Xüsusilə də, XX əsrin ikinci yarısında bu proses bütün sahələrdə, o cümlədən də tarix, fəlsəfə tarixi, dilçilik tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi, siyasət tarixi sahələrində aparılmışdır. Bundan fəlsəfəçilər, filosoflar, fəlsəfə tarixçiləri də kənarda qala bilməzdilər ki, bu baxımdan onlar yalnız “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında deyil, bu sahəyə aid digər yüzlərlə monoqrafiya və kitablarında da eyni antitürk, antiislam ideyaları fonunda fəlsəfəçiliklə, fəlsəfə tarixçiliyi ilə məşğul olmuşlar. Belə ki, marksist-leninçi fəlsəfəçilər Azərbaycan Türk xalqının mütəfəkkirlərini bir tərəfdən mümkün olduğu qədər Türk kimliyindən, Türk fəlsəfəsindən, Türkçülük şüurundan uzaq tutmağa, digər tərəfdən isə onların dünyagörşündə materialist elementlər tapmağa çalışmışlar.
[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).
I hissə. Bakı, “Elm və təhsil”, 2018, s.41-42