AZ

Bakıda sahibkar keçmiş sevgilisini məhkəməyə verdi

Bakıda sahibkar, mebel ustası əvvəllər müştərisi olmuş keçmiş sevgilisini xüsusi ittiham qaydasında məhkəməyə verib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu barədə usta Malik Həsənzadə (adı, soyadı şərtidir) Nəsimi Rayon Məhkəməsinə üz tutub.

Xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən Malik Həsənov eks-sevgilisi Zəminə Nəzərova (adı, soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ittiham hökmü çıxarılmasını xahiş edib.

Şikayətçi ərizəsində bildirib ki, o, fərdi sahibkardır və mebel ustası kimi Bakı şəhərində fəaliyyət göstərir. Onun sözlərinə görə, Zəminə Nəzərova ilə tanışlığı sosial şəbəkə üzərindən başlayıb və sonradan sevgi münasibətləri yaranıb. Lakin müəyyən müddətdən sonra aralarında yaranmış anlaşılmazlıqlar səbəbindən əlaqələr kəsilib.

Malik Həsənov iddia edir ki, bundan sonra qarşı tərəf və onun yaxınları – bacısı, bacısının əri tərəfindən ona qarşı müxtəlif əsassız iddialar irəli sürülüb, həmçinin sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldan ifadələr paylaşılıb. Şikayətçi deyir ki, xüsusilə “Instagram” platformasında müxtəlif saxta profillər vasitəsilə onun barəsində təhqiredici və böhtan xarakterli rəylər yazılıb, bu isə onun işgüzar nüfuzuna mənfi təsir göstərib və müştəri münasibətlərinə zərər vurub.

Şikayətçi həmçinin qeyd edib ki, tərəflər arasında maddi mübahisə də mövcuddur. Belə ki, o, Zəminədən nəqliyyat vasitəsi aldığını, lakin sonradan aldadıldığını və həmin avtomobilin başqa şəxsə satıldığını iddia edir. Bu səbəbdən o, ödədiyi vəsaiti geri tələb etdiyini, lakin bunun əvəzində müxtəlif təzyiqlərə və qarayaxma kampaniyasına məruz qaldığını bildirib.

Materiallardan o da məlum olur ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edilib. Lakin bəzi müraciətlər üzrə məsələlərin mülki xarakterli olduğu qeyd edilərək məhkəmə qaydasında həllinin məqsədəuyğun olduğu söylənilib.

Bundan əlavə, şikayətçi sosial şəbəkələrdə onun ünvanına yazılmış təhqiramiz ifadələrin sübutu kimi müvafiq materialları, o cümlədən yazışmalar və digər elektron daşıyıcıları məhkəməyə təqdim etdiyini qeyd edib.

Malik Həsənov hesab edir ki, qarşı tərəfin sosial şəbəkələrdə yaydığı məlumatlar böhtan və təhqir xarakteri daşıyır və bu əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətlərinə uyğundur.

Qeyd olunanlara əsasən, o, məhkəmədən  qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Məhkəmə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunub.

 

Seçilən
12
2
konkret.az

3Mənbələr