AZ

Macarıstan prezidenti yeni hökumətlə bağlı məsləhətləşmələrə çağırıb

BAKI, 14 aprel. TELEQRAF

Macarıstan prezidenti Tamaş Şuyok parlamentə düşən üç siyasi partiyanın liderlərini yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə dəvət edib.

Teleqraf xəbər verir ki, görüş aprelin 15-də paytaxt Budapeştdə yerləşən Şandor sarayında keçiriləcək.

Məlumata görə, məsləhətləşmələrdə seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Macar, baş nazir Viktor Orban (“FİDES – Macarıstan Vətəndaş İttifaqı”) və sağ radikal “Bizim Vətən” partiyasının sədri Laslo Torotskai iştirak edəcək.

Gözlənilir ki, prezident yeni hökumətin formalaşdırılmasını Peter Macara həvalə etsin. “Tisa” partiyası seçkilərdə parlament yerlərinin üçdə ikisini qazanıb.

Qanunvericiliyə əsasən, səsvermədən sonra 30 gün ərzində – ən gec mayın 12-dək – prezident yeni çağırış parlamentin ilk iclasının tarixini təyin etməlidir. Həmin iclasda Peter Macarın baş nazir seçilməsi gözlənilir.

Qeyd olunur ki, “Tisa”nın lideri prezidentdən bu prosesi mümkün qədər tez həyata keçirməyi xahiş edib. O, həmçinin Viktor Orbana müraciət edərək, yeni kabinetin fəaliyyətinə mane olmamaq üçün qalan müddətdə mühüm qərarlar qəbul etməməyə çağırıb.

Bundan əlavə, Peter Macar prezident, Ali Məhkəmənin sədri, baş prokuror və Milli Media və Telekommunikasiya İdarəsinin rəhbəri də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin istefasını təklif edib. Onun sözlərinə görə, həmin şəxslər Viktor Orban və FİDES partiyasına yaxın fiqurlardır.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr