Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dəniz suyunun içməli suya çevrilməsi son illərdə artan su qıtlığı fonunda ən mühüm texnoloji həllərdən biri kimi ön plana çıxır. Dünyanın bir çox ölkəsi şirin su ehtiyatlarının azalması ilə üzləşdiyi üçün dəniz və okean sularının duzdan təmizlənməsi istiqamətində müxtəlif üsullardan istifadə edir. Xüsusilə iqlim dəyişiklikləri və əhalinin artımı bu sahəyə olan ehtiyacı daha da artırır.Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, dəniz suyunun içməli su kimi istifadə olunması əslində uzun illər ərzində təcrübədən keçirilmiş prosesdir:"Bu, xüsusi qurğular və zavodlar vasitəsilə həyata keçirilir. Dəniz suyunun içməli suya çevrilməsi prosesi əsasən Avstraliyada geniş tətbiq olunur və burada suyun təxminən 22–25 faizi bu üsulla əldə edilib.
Bu texnologiya Pakistanda, Hindistanda, ərəb ölkələrində və İsraildə də istifadə olunub, lakin bəzi ölkələrdə miqyas daha kiçik olub. Dəniz suyu xüsusi filtrlərdən, yəni membranlardan keçirilir və bir neçə mərhələli təmizləmədən sonra içməli su kimi istifadə oluna bilir. Təmizləmə prosesində sudakı artıq maddələr və duzlar ayrılır. Xəzər dənizində duzluluq səviyyəsi 11–12 promil təşkil edir. Okeanlarda isə bu göstərici daha yüksək olub və 40–45 promil civarındadır. Suyun tərkibində natrium, kalium, kalsium və digər minerallar mövcud olur və onlar təmizlənmə prosesində sudan ayrılır".Ekoloq bildirib ki, nəzərə almaq lazımdır ki, Xəzər dənizi yüksək duzluluğa malik olduğu üçün bu su birbaşa içməli su kimi istifadə oluna bilmir:"Eyni zamanda, su bakteriyoloji və bioloji təmizləmədən də keçməlidir.Azərbaycanda dəniz suyunu içməli suya çevirmə prosesi hələlik geniş miqyaslı şəkildə tətbiq üçün o qədər də məqsədəuyğun deyil. Bu, əlavə xərclər tələb edir. Ona görə də belə layihələri daha çox təcrübə xarakterli şəkildə, məsələn, kənd təsərrüfatında texniki su kimi və ya maşın yuma məntəqələrində istifadə etmək daha səmərəli olar. Əvəzində mövcud su resurslarından səmərəli istifadə daha vacibdir.Kənd təsərrüfatında su itkiləri 30–35 faiz, bəzi hallarda isə 40 faizə qədər çatır. Bu itkilərin qarşısını almaq üçün torpaq kanalları beton və ya boru sistemləri ilə əvəz olunmalı, damcı suvarma sisteminə keçilməli olub ki, suya qənaət edilsin və bütün bitkilərə bərabər paylansın".Onun sözlərinə görə, içməli su sistemində də boru xətləri, nasos stansiyaları yenilənməli və itkilər azaldılmalıdır:"Əgər bu itkilər minimuma endirilsə və sudan düzgün istifadə olunarsa, dəniz suyunu içməli suya çevirməyə ehtiyac xeyli azalacaq. Müqayisə üçün qeyd etmək olar ki, Ərəb ölkələri, Avstraliya, Pakistan və Hindistan daha çox suya ehtiyac duyan ölkələr olub və orada su qıtlığı daha kəskin olub. Buna görə də bu ölkələrdə duzsuzlaşdırma daha geniş tətbiq olunub".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.