AZ

Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın-Kişi İmkan Bərabərliyi Komissiyasının (KEFEK) sədri, AK Parti Sakarya millət vəkili Çiğdem Ərdoğanın da olduğu nümayəndə heyəti bu gün Azərbaycana gəlib. Nümayəndə heyətinin səfəri aprelin 15-dək davam edəcək.

Missiya.Az ERAmedia-ya istinadən xəbər verir ki, aprelin 14-də Bakı şəhərində CICA Qadınlar Şurasının ilk iclası və “Davamlı İnkişaf üçün CICA məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Nümayəndə heyətinin Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü də planlaşdırılır.

Türkiyənin də qurucu üzvü olduğu və fəaliyyətlərində fəal iştirak etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı (CICA) 2024–2026-cı illər üzrə Sədrliyini “Asiyada Daha Güclü CICA, İnteqrasiya, Rəqəmsallaşma və Davamlı İnkişaf” mövzusu ilə Azərbaycan həyata keçirir.

Xatırladaq ki, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində 25 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində keçirilən CICA Qeyri-rəsmi Nazirlər Şurası iclasında “CICA Qadınlar Konseyi Əsasnaməsi” Azərbaycan sədrliyi dövründə qəbul edilib.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qadının Statusu Komissiyası (KSK) 70-ci sessiyası çərçivəsində KEFEK tərəfindən 10 mart 2026-cı il tarixində Nyu-Yorkda yerləşən Türkevidə “Gönül Birliyindən Güc Birliyinə: Türk Dünyasında Sahibkarlıq Ekosistemi” adlı tədbir təşkil olunub.

Tədbirin əsas məqsədi türk dünyası arasında tarixi və mədəni bağları (Gönül Birliyi) qadın sahibkarlığı vasitəsilə konkret iqtisadi əməkdaşlığa (Güc Birliyi) çevirmək olub.

Toplantıda ev sahibi kimi KEFEK sədri Çiğdem Ərdoğan ilə yanaşı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış ediblər. Bununla yanaşı, KAGİDER, Qadın Ticarət İşəgötürənləri Həmkarlar İttifaqı və Quzey Kıbrıs Türk Cümhuriyyəti Qadın Sahibkarlar Dərnəyinin rəhbərləri də tədbirdə söz alıblar.

Tədbir Türkiyə, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyətindən yüksək səviyyəli nümayəndələri, ABŞ-da yaşayan türk iş xanımlarını və qeyri-hökumət təşkilatlarını bir araya gətirib.

Həmçinin Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və CICA Katibliyinin birgə təşkilatçılığı ilə Bahar Muradovanın iştirakı ilə 13 mart 2026-cı il tarixində BMT Baş Qərargahında yüksəksəviyyəli tədbir keçirilib.

Seçilən
30
1
missiya.az

2Mənbələr