AZ

"“Dünya Sülh Şurası” ideyası real görünmür" – Elçin Xalidbəyli

"Təbii ki, Türkiyənin bu cür təşəbbüslərlə çıxış etməsi təqdirəlayiqdir və “Dünya Sülh Şurası” kimi ideyanın irəli sürülməsi diqqətçəkici görünür. Lakin reallıqda bu tip çağırışların praktik nəticə verməsi şübhə doğurur. Çünki Dövlət Baxçalı tərəfindən təklif edilən tərkib kifayət qədər mübahisəlidir. Belə ki, Rusiya kimi Ukrayna ərazilərinin bir hissəsini işğal etmiş bir dövlətin “Dünya Sülh Şurası”nda təmsil olunaraq qlobal sülh və sabitlik məsələlərini müzakirə etməsi mövcud şəraitdə ziddiyyətli və hətta absurd təsir bağışlayır. Əgər Rusiya belə bir qurumda yer alacaqsa, ilk növbədə beynəlxalq hüquqa hörmət etməli, Ukraynanın ərazi bütövlüyünü tanımalı, qoşunlarını geri çəkməli və müharibəni dayandırmalıdır. Hətta vurulan zərərə görə kompensasiya məsələsi də gündəmə gəlməlidir. Bu şərtlər yerinə yetirilmədən Rusiyanın “sülh təminatçısı” kimi çıxış etməsi inandırıcı deyil. Digər tərəfdən, ABŞ və Çin arasında da ciddi geosiyasi rəqabət mövcuddur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Pakistanda ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalması fonunda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Dünya Sülh Şurası”nın yaradılması və bu qurumun ilk iclasının Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış edib. O bildirib ki, BMT-nin baş katibi Antonio Quterreşin çağırışı əsasında ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının iştirakı ilə “Dünya Sülh Şurası” adlı yeni mexanizmin yaradılması mümkündür. Baxçalı əlavə edib ki, Türkiyə belə bir təşəbbüsə ev sahibliyi etməyə hazırdır.

Siyasi şərhçi bildirib ki, ümumilikdə ABŞ, Çin və Rusiya kimi böyük güclər ilk növbədə öz milli maraqlarını əsas götürür və bu maraqların məhdudlaşdırılacağı hər hansı beynəlxalq mexanizmdə fəal iştirak etmələri real görünmür.

Seçilən
9
aznews.az

1Mənbələr