AZ

Vətənpərvərlik: Sözdə və əməldə

Vətənpərvərlik mövzusu bu gün dünyada aktual olan məsələlərdən biridir. Dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs öz yurdunu, böyüyüb boya-başa çatdığı ölkəsini qorumalı, inkişafına çalışmalı və lazım gələrsə, öz canından keçməyə hazır olmalıdır. Azərbaycan xalqı tarix boyu vətənpərvər olub. Qarabağ müharibəsində şəhid olan oğul və qızlar vətənpərvərliyin ən böyük nümunəsidir. Onlar vətənin azadlığı üçün canlarını qurban veriblər. Lakin vətənpərvərlik yalnız mübarizə aparmaq, qan tökmək, canından keçmək demək deyil.

Bəli, vətənpərvərlik insanda qəhrəmanlıq, məğlubedilməzlik hissi yarada bilər. Ancaq vətənpərvərlik yalnız zəfər zamanı gündəmə gələn bir anlayış olmamalıdır. Məsələn, İkinci Qarabağ müharibəsində qələbə qazandığımız zaman insanların bayraq asmaları və ya meydan oxumaları, sadəcə vətənpərvərlik göstəriciləri idi. Lakin həqiqi vətənpərvərlik insanlıqdan başlayır.

Vətənpərvərlikdə ən böyük problem insanların yalnız özlərini düşünməsidir. Halbuki, Azərbaycanın adət-ənənəsində “Biz” deyə bir anlayış var. Əsl vətənpərvər insan yalnız özünü və ailəsini düşünmür, xalqınıda düşünür. Öz uşağını necə sevirsə, digər uşaqlara da eyni münasibət göstərir. Əsl vətənpərvərlik sənin əvvəl vətəninə, sonra insanlara olan hörmətindən başlayır. Vətənpərvərlik daşda və qayada deyil, insanların bir-birinə olan münasibətindədir.

Vətənpərvərlik insan sevgisidir və əgər ayrı-seçkilik etmirsənsə, həqiqi vətənpərvərsən. Azərbaycanda gündəmdə olan məsələlərdən biridə “ Bölgəçilik ” məsələsidi. Hansı ki, burada bəzi insanların yalnız öz bölgəsini üstün tutması, digər bölgələri aşağı görməsi açıq-aydın ayrı-seçkiliyi göstərir. Əgər mən öz qonşumu, öz vətəndaşımı, başqa bölgədən olan insanı sevmirəmsə, hansı vətənpərvərlikdən söhbət gedə bilər. Həqiqi vətənpərvərlik yalnız öz bölgəni deyil, bütün Azərbaycan dövlətini sevməkdir. Burada vətəndaş cəmiyyəti önəmli amillərdən biri sayılır. Əgər mən bir dövlətdə yaşayıramsa və o dövlət mənim qayğıma qalırsa, mən onsuzda o dövləti sevəcəm və heç bir vətəndaş arasında fərq qoymayacam.

Bəzən söz çox, amma əməl az olur, çünki insanlar gündəlik problemlərə görə yalnız öz maraqlarını düşünürlər. İnsanlar rahatlıq istəyir və reallıqla üzləşmək istəmirlər. Vətənpərvərlik məsuliyyət tələb edir və bu, hər kəsin bacaracağı asan məsələ deyil. Əgər bir cəmiyyətdə halal zəhmət və dürüstlük yoxdursa, orada vətənpərvərlikdən danışmaq düzgün deyil. Sözdə vətənpərvər yalnız pafoslu cümlələrdən, sosial şəbəkələrdə göstərilən şəkillərdən ibarətdir. Əməldə isə öz dövlətinin qoyduğu qaydalara hörmət etməli, ətraf mühitə və insanlara ziyan vurmamalı və ən əsası dövlətinə faydalı bir şəxs olmalısan. Əlbəttə, hər bir insanın fərqli düşüncələri ola bilər, amma biz eyni bayraq altında bir-birimizə dayaq olmalı və birliyimizi qorumağı bacarmalıyıq.

Aysu OrucovaAzərbaycan Universiteti, Politalogiya, Bakalavr 3-cü kurs tələbəsi

Seçilən
21
milliyol.az

1Mənbələr