AZ

"İranın strateji üstünlüyü danışıqların gedişini dəyişir" -AÇIQLAMA

"Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında əldə olunan atəşkəsdən sonra keçirilən danışıqların birinci raundu uğursuzluqla nəticələndi. Əslində gözlənti ilk raundda bütün məsələlər tam şəkildə həllini tapması və yekun nəticələr əldə olunması deyildi".

Bu barədə Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev ABŞ ilə İran arasında İslamabadda keçirilən danışıqların uğursuz nəticələnməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, tərəflər arasındakı diplomatik uğursuzluğun ilk və ən əsas səbəbi etimadsızlıqdır:

"Postmünaqişə dövründə tərəflərin yenidən diplomatik münasibətlər qurması, sülh və ya atəşkəs istiqamətində irəliləməsi üçün qarşılıqlı etimad həlledici rol oynayır. Lakin hazırda nə ABŞ rəsmilərinin İrana, nə də İran rəsmilərinin ABŞ-yə qarşı belə bir etimadı mövcuddur. Məhz bu amil danışıqların ilk mərhələsinin uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Digər mühüm məsələ isə tərəflərin yekun sülhlə bağlı irəli sürdüyü təkliflər və şərtlərlə bağlıdır. İran atəşkəsdən dərhal sonra tələblərinin qeyri-şərtsiz və tam şəkildə qəbul edilməsini istəyir. Bu tələblər arasında ölkənin dondurulmuş aktivlərinin dərhal azad edilməsi və bütün mövcud sanksiyaların ləğvi kimi ciddi məsələlər yer alır. ABŞ isə bu məsələlərə mərhələli və şərtli yanaşma təklif edir. Bu yanaşma fərqi də yenidən etimadsızlıq problemini ön plana çıxarır, çünki tərəflər gələcək mərhələlərdə qarşı tərəfin necə davranacağına dair zəmanət görmür".

Müsahibimizin fikrincə, başqa spektrda isə İranın coğrafi üstünlüyü ən böyük "silahıdır" fikri ortaya çıxır:

"İranın Hörmüz boğazı üzərində nəzarət imkanına malik olması onun ən böyük strateji üstünlüklərindən biridir. Bu üstünlük hərbi güc və ya texnoloji imkanlarla əvəz edilə bilməyən, təbii və uzunmüddətli təsir gücünə malik bir faktordur. İran bu reallığı düzgün qiymətləndirərək ondan effektiv şəkildə istifadə edir. Hazırda Hörmüz boğazında nəzarətin gücləndirilməsi, gəmi keçidlərinə məhdudiyyətlərin tətbiqi və təhlükəsizlik tədbirlərinin artırılması dünya iqtisadiyyatına birbaşa təsir göstərir. Bu isə İranın əlində güclü strateji alətin – uzunmüddətli təsir imkanına malik “təbii kart”ın olması deməkdir. Bu kartın növbəti dəfə nə zaman və hansı şərtlərlə istifadə olunacağı isə qeyri-müəyyən olaraq qalır".

Politoloq qeyd etdi ki, danışıqlarda əsas düyün nöqtəsi məhz Hörmüzə gələcək nəzarətin necə tənzimlənəcəyidir:

"ABŞ Hörmüz boğazında öz iştirakı ilə yeni nəzarət mexanizminin formalaşdırılmasında maraqlıdır. Burada haşiyəhə çıxaraq qeyd edim ki, ABŞ-nin münaqişənin əvvəlindəki məqsədləri ilə indiki mövqeyi arasında fərq yaranıb. Əvvəllər əsas hədəf İranda rejim dəyişikliyi idisə, bu gün ABŞ həmin rejimin nümayəndələri ilə danışıqlar aparır. Bu isə geosiyasi maraqların dəyişdiyini göstərir. Bu kontekstdə ABŞ üçün əsas prioritet İranın əlində olan bu strateji üstünlüyün balanslaşdırılmasıdır. Tarixdə buna bənzər hadisə kimi 2021-ci ildə Süveyş kanalında baş verən gəmi qəzasını xatırlamaq olar. Həmin vaxt bir gəminin cəmi altı gün ərzində kanalı bloklaması qlobal ticarətə milyardlarla dollar ziyan vurmuşdu. Bu nümunə dar boğazların dünya iqtisadiyyatı üçün nə qədər kritik əhəmiyyət daşıdığını açıq şəkildə göstərir. Hazırkı vəziyyətdə isə risk daha genişdir. İran təkcə Hörmüz boğazına deyil, eyni zamanda Bab əl-Məndəb boğazına da dolayı təsir imkanlarına malikdir. Bu bölgə Yəmən ərazisinə yaxın yerləşir və burada İranın dəstəklədiyi qüvvələrin mövcudluğu əlavə geosiyasi risk yaradır".

Siyasi şərhçi əlavə etdi ki, münaqişə yenidən kəskinləşərsə, bu boğazın da bağlanması ehtimalı qlobal ticarət üçün ciddi nəticələr doğura bilər.

"Nəticə etibarilə, danışıqların uğursuzluğunun əsas səbəbləri sırasında etimadsızlıq, tərəflərin fərqli yanaşmaları və İranın coğrafi-strateji üstünlüyü xüsusi yer tutur. ABŞ bu üstünlüyü zəiflətməyə və öz maraqlarına uyğun şəkildə tənzimləməyə çalışır, İran isə onu əsas güc vasitəsi kimi qoruyur. Bütün bunları nəzərə aldıqda, danışıqların növbəti raundunun da asan keçəcəyi gözlənilmir. Əsas sual isə açıq qalır: İran öz strateji üstünlüyünü nə dərəcədə paylaşmağa hazırdır və bu məsələ tərəflər arasında kompromisə gətirib çıxara biləcəkmi? Məhz bu amil gələcək danışıqların taleyini müəyyən edəcək", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
17
2
redaktor.az

3Mənbələr