Bu günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstan Respublikasının müxtəlif vilayətlərini təmsil edən nümayəndələr üçün “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyalar mövzusunda təqdimat keçirilib. Tədbirdə Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsində tətbiq olunan innovativ yanaşmalar və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, agentlik 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə rəqəmsal idarəetmə sahəsində xüsusi mükafata, 2023-cü ildə isə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb. Eyni zamanda, “ASAN xidmət” modelinin bir sıra ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.
Akademiyanın dəvəti ilə Azərbaycana səfər edən nümayəndələr “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “ASAN AI Hub” və “ABAD” publik şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”