AZ

Rusiya büdcə kəsiri burulğanındadır

Rusiyada şirkətlərin "həddindən artıq mənfəətlərinə" yönəlmiş birdəfəlik vergi (windfall tax) yenidən müzakirə olunmağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Dumasında keçirilən son görüşlərdə büdcə kəsirini bağlamaq üçün bəzi sektorlardan əlavə gəlir əldə edilməsi gündəmə gəlib. 

İqtisadiyyat naziri Maksim Reşetnikov mövzunun ayrı bir analiz tələb etdiyini bildirərək "yaşıl işıq" yandırıb.

“Vedomosti”-yə görə bu müzakirənin əsas səbəbi böyüyən büdcə kəsiridir.

2026-nın ilk rübündə büdcə kəsiri 4,58 trilyon rubla (təxminən 57,3 milyard dollar) çatıb. Bu rəqəm keçən ilin eyni dövründəki 1,96 trilyon rublla müqayisədə ciddi artım deməkdir. 

İl üçün proqnozlaşdırılan ümumi kəsir isə 3,79 trilyon rubl səviyyəsində idi.Bu səbəbdən hökumət əlavə gəlir mənbələri axtarışını sürətləndirib.

Bənzər vergi 2023-cü ildə tətbiq edilmişdi. Şirkətlərin 2021–2022 dövründəki orta mənfəəti ilə 2018–2019 dövrü müqayisə edilmiş, aradakı fərq üzərindən 10 faiz dərəcəsində vergi alınmışdı.

Erkən ödəniş edənlər üçün effektiv dərəcə 5 faizə qədər düşmüşdü. Bu təcrübə büdcəyə 318,8 milyard rubl (təxminən 4 milyard dollar) qazandırmışdı.

Ekspertlərə görə, bu gün üçün ən real hədəf sektorlar arasında qızıl hasilatı və bankçılıq önə çıxır. Qızıl qiymətlərinin son illərdə təxminən 65 faiz artması bu sahədə "konyunktur mənfəət" yarandığı fikrini gücləndirir.

Bankçılıq sektoru isə yüksək faiz mühitində əldə etdiyi təxminən 3,5 trilyon rublluq (43,7 milyard dollar) mənfəət ilə diqqət çəkir.

Bununla belə bankların böyük hissəsinin dövlətlə bağlı olması səbəbindən bu sektora əlavə vergi gətirilməsi mübahisəli hesab olunur.

Kimya, gübrə və e-ticarət kimi sahələr də potensial namizədlər arasında sayılır. Lakin pərakəndə satış və İT sektorları aşağı mənfəətlilik və ya dövlət güzəştləri səbəbindən daha aşağı ehtimal kimi qiymətləndirilir. 

İqtisadçılar "super mənfəət" tərifinin dəqiq olmamasının ən böyük problemlərdən biri olduğuna diqqət çəkirlər.

Mütəxəssis rəyləri isə iki yerə bölünüb. 

Analitiklərə görə, mümkün bir windfall tax qısa müddətdə büdcəyə 500 milyard rubla (təxminən 6,25 milyard dollar) qədər töhfə verə bilər. 

Lakin uzun müddətdə investisiya mühitini pozma riski səbəbindən hökumətin təmkinli hərəkət edəcəyi proqnozlaşdırılır.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr