AZ

Raket və ağır texnika Xəzərdə zəlzələ yaradır? - "Fakt budur ki, bu plitələr bir-birinə toxunur"

“Sovet dövründə 3 bal gücündə zəlzələlər barədə məlumat verilmirdi, ümumiyyətlə bu kimi zəif təkanlar cəmiyyətə çatdırılmırdı. Mən bu kimi şeylərin əleyhinəyəm, çünki insanlarda narahatlıq yaratmaq olmaz. Yalnız ciddi silkələnmə olanda, bunu insanlara çatdırmaq lazımdır”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev deyib.

O bildirib ki, əvvəllər 4 bala qədər olan zəlzələlər də açıqlanmırdı: 

“Halbuki bu cür və bundan bir az daha zəif maqnitudalı zəlzələlər Azərbaycanda minlərlə olur. Çünki biz aid olduğumuz ərazi dünyanın sayılı ən böyük seysmik zonalarından biridir. Yəni burada 3–5 ballıq zəlzələlər o qədər də qorxulu deyil. 

Sadəcə olaraq biz təşvişə düşürük, zəlzələ deyəndə hamının ağlına Türkiyənin faciəvi zəlzələləri gəlir. Xəzər dənizində böyük dərinlik var, 50–60 km dərinlikdə maqmanın üstündə böyük plitələr hərəkət edir”. 

Onun sözlərinə görə, olduğumuz ərazi Alp–Himalay qırışıqlığıdır: 

“Bu ərazi Fransadan başlayıb İndoneziyaya qədər uzanır. Bu zona Avrasiya materikinin cənub-qərb hissəsini əhatə edir və bütövlükdə Afrika və Ərəbistan plitələrinin təzyiqi altındadır, yəni onlar Avrasiya plitəsini şimala doğru sıxırlar. Bunun nəticəsinin necə olacağı illərin göstəricisi olacaq. Hazırda fakt budur ki, bu plitələr yavaş-yavaş bir-birinə toxunur.

Təbii ki, nəhəng kütlələr bir-birinə toxunduqda, orada sınma, əyilmə və çökmələr baş verir. Bizim ərazidə də bu səbəbdən titrəmələr ola bilir. Yəni təşvişə düşmək lazım deyil, yaşadığımız yerin mahiyyəti belədir. Elə yerlər var ki, zəlzələnin izi-sorağı yoxdur, məsələn, Yuras düzənliyi, Moskva və s.”

O qeyd edib ki, baş verən zəlzələlər süni şəkildə yaradılmır:

“50–60 km dərinliyə heç kim müdaxilə edə bilməz, bu cür fikirlər əsassızdır. Adətən orta dərəcəli zəlzələdən əvvəl kiçik silkələnmələr olur, sonra isə nisbətən daha böyük maqnitudalı təkanlar baş verir, yəni proses mərhələli şəkildə gedir”.

Ənvər Əliyev vurğulayıb ki, regionda baş verən müharibələr zamanı istifadə edilən raket və ağır texnikanın zəlzələyə səbəb olması ilə bağlı fikirlər tamamilə yanlışdır: 

“Bu cür iddialar əsassız və gülüncdür, belə bir hal mümkün deyil. Ən böyük problemlərdən biri isə tikinti sənayesidir. Bütün evlər, xüsusilə uşaq müəssisələri, qocalar evləri, universitetlər və əhalinin kütləvi şəkildə toplandığı yerlər xüsusi qaydada tikilməlidir. 

Hazırda baş verən zəlzələlərdən ən azı iki dəfə daha davamlı şəkildə zəlzələyə dözümlü tikinti standartları tətbiq olunmalıdır. Adi evlər də zəlzələyə davamlı şəkildə inşa edilməlidir”. 

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr