2025-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 16,5 mlrd. dollar təşkil edib.
Aznews.az xəbər verir ki, Bu barədəARDNF-dən bildirilib.
Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib.
NVIDIA səhm portfelində yenə liderdir
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlayıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri 2024-cü ildəki 557 mln. dollardan ötən il 785 mln. dollara yüksəlib. Yəni, “NVIDIA”ya yatırımlar bir ildə 228 mln. dollar artıb. İT nəhənginin Fondun səhm portfelində payı 5,5%-dən 5,4%-ə ensə də, növbəti dəfə siyahıda liderliyini qoruyub.
“Microsoft”da aktivlər 600 mln., “Apple”də isə 700 mln. dollara yaxınlaşıb
ARDNF-in “Apple Inc”ə yatırımları ötən bir ildə 645 mln. dollardan 699 mln. dollara qədər artıb. Başqa sözlə, “Apple Inc”ə yatırımların dəyəri 8,4% və ya 44 mln. dollar artıb.
Fondun “Microsoft”a yatırımlarının dəyəri bir ildə 17,5% və ya 88 mln. dollar artaraq 592 mln. dollara yüksəlib. 2024-cü ildə bu rəqəm 504 mln. dollar təşkil etmişdi. Şirkətin səhm portfelində payı isə əksinə, 4,3%-dən 4,1%-ə enib.
Artım dinamikası “Amazon”a aid səhmlərin dəyərində də müşahidə edilib. Son bir ildə ARDNF-in şirkətdəki aktivləri 351 mln. dollardan 384 mln. dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 2,7% təşkil edib.
“Google” ilk beşlikdə
“Google”a aid iki şirkət üzrə Fondun aktivləri bir ildə 230 mln. dollar artıb.
Sözügedən şirkətlər üzrə aktivlərin dəyəri müvafiq olaraq 188 mln. dollardan 315 mln. dollara və 163 mln. dollardan 266 mln. dollara yüksəlib.
Qlobal texnologiya liderlərindən biri olan “Broadcom Inc” üzrə aktivlər isə bir ildə 95 mln. dollar artaraq 269 mln. dollara çatıb.