AZ

Orta Dəhliz qlobal ticarət sistemində təhlükəsiz, dayanıqlı və strateji alternativ marşrut kimi mövqeyini gücləndirir - ŞƏRH

Bakı, 13 aprel, AZƏRTAC

Müasir dövrdə qlobal iqtisadi sistemin əsas dayaq nöqtələrindən biri dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, dünyada baş verən geosiyasi proseslər, ənənəvi nəqliyyat dəhlizlərində yaranan risklər, eləcə də logistika marşrutlarının dəyişkənliyi alternativ tranzit xətlərinin strateji əhəmiyyətini daha da artırır.

“Bu kontekstdə Orta Dəhliz Avrasiyada təhlükəsiz, çevik və çoxşaxəli ticarət marşrutu kimi ön plana çıxır. Orta Dəhliz Şərq ilə Qərb arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edən əsas logistika xəttlərindən biridir. Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Cənubi Qafqaz–Avropa istiqamətində formalaşan bu marşrut yük daşımalarının daha qısa müddətdə və daha az risklə həyata keçirilməsinə imkan yaradır. Artan tranzit həcmləri isə onun beynəlxalq ticarət xəritəsində rolunu daha da gücləndirir. Azərbaycan Orta Dəhliz üzrə əsas tranzit və logistika mərkəzi kimi çıxış edərək Şərq–Qərb nəqliyyat bağlantılarının təmin olunmasında mühüm rol oynayır. Türkiyə bu marşrutun Avropa istiqamətində davamlılığını təmin edən strateji körpü funksiyasını yerinə yetirir. Qazaxıstan isə Mərkəzi Asiyadan çıxan yük axınlarının əsas başlanğıc nöqtələrindən biri kimi Orta Dəhlizin formalaşmasında mühüm əhəmiyyət daşıyır”, - deyə komitə sədri qeyd edib.

Arzu Nağıyev vurğulayıb ki, təhlükəsiz beynəlxalq ticarət mühiti yalnız fiziki infrastrukturun inkişafı ilə deyil, eyni zamanda, institusional və texnoloji modernləşmə ilə təmin olunur. Rəqəmsal gömrük sistemlərinin tətbiqi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, vahid logistika platformalarının yaradılması və yük izləmə mexanizmlərinin təkmilləşdirilməsi Orta Dəhlizin səmərəliliyini artıran əsas amillərdəndir: “Regionda nəqliyyat təhlükəsizliyinin təmin olunması və sabitliyin qorunması bu marşrutun davamlı inkişafı üçün əsas şərtlərdəndir. Bu istiqamətdə iştirakçı ölkələr arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi, risklərin idarə olunması üzrə birgə mexanizmlərin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhliz artıq regional layihə çərçivəsindən çıxaraq qlobal ticarət sistemində alternativ və rəqabətqabiliyyətli marşrut kimi formalaşıb. Bu isə Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelinin yaranmasına və ticarət əlaqələrinin daha balanslı inkişafına şərait yaradır”.

Arzu Nağıyev qeyd edib ki, gələcək mərhələdə infrastruktur investisiyalarının artırılması, rəqəmsal inteqrasiyanın dərinləşdirilməsi, eləcə də nəqliyyat-logistika sahəsində institusional əməkdaşlığın gücləndirilməsi Orta Dəhlizin potensialından tam istifadə olunmasına imkan verəcək. Bu isə öz növbəsində beynəlxalq ticarət sistemində daha təhlükəsiz, dayanıqlı və səmərəli bir modelin formalaşmasına xidmət edəcək.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
19
4
azertag.az

5Mənbələr