AZ

Tibb elminin inkişaf strategiyasının memarı ŞƏRH

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, akademik və ictimai xadim kimi tarixə düşmüşdür. Onun zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfələr vermiş, milli tibb elminin formalaşmasında və möhkəmlənməsində xüsusi rol oynamışdır.

Alimin elmi tədqiqatları əsasən göz xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur. O, xüsusilə traxoma və qlaukoma kimi geniş yayılmış və ciddi fəsadlara səbəb olan xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində mühüm elmi nəticələr əldə etmişdir. Zərifə Əliyevanın bu sahədə apardığı araşdırmalar oftalmologiya elminin inkişafına yeni yanaşmalar gətirmiş, praktik səhiyyədə tətbiq olunaraq insanların görmə sağlamlığının qorunmasına xidmət etmişdir.

Bununla yanaşı, Zərifə xanım Əliyeva görmə orqanının peşə patologiyası problemlərinin araşdırılmasına xüsusi diqqət yetirmişdir. O, müxtəlif istehsalat sahələrində çalışan insanların görmə qabiliyyətinə təsir edən zərərli amilləri öyrənmiş, onların qarşısının alınması üçün elmi əsaslandırılmış təkliflər irəli sürmüşdür. Bu istiqamətdə apardığı tədqiqatlar əmək gigiyenası və profilaktik təbabət sahəsində də mühüm əhəmiyyət kəsb etmişdir.

Akademik Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, burada uzun illər elmi-pedaqoji fəaliyyət göstərərək gənc həkimlərin hazırlanmasına, onların peşəkar bilik və bacarıqlarının artırılmasına böyük töhfə vermişdir. Onun rəhbərliyi ilə yetişən mütəxəssislər sonradan ölkənin müxtəlif səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərmişlər.

Zərifə xanım Əliyeva milli kadr hazırlığı prosesində fəal iştirak etmiş, Azərbaycan səhiyyəsinin gələcək inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi önəm vermişdir. O, yalnız alim kimi deyil, həm də qayğıkeş müəllim və nümunəvi şəxsiyyət kimi tələbələrinin və həmkarlarının dərin hörmətini qazanmışdır.

Alimin elmi maraqları yalnız oftalmologiya ilə məhdudlaşmamış, o, tibbin müxtəlif sahələrinə dair məsələlərə də diqqət yetirmiş, insan sağlamlığının qorunması istiqamətində kompleks yanaşmanın vacibliyini vurğulamışdır. Onun elmi irsi bu gün də öz aktuallığını qoruyur və müasir tibb elminin inkişafında əhəmiyyətli mənbə kimi istifadə olunur.

15 aprel – anım günü münasibətilə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin yad edilməsi, onun zəngin elmi və mənəvi irsinin təbliği mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda gənc nəslin elmə, təhsilə və insan sağlamlığının qorunmasına olan marağının artırılmasına xidmət edir.

Nərmin Azadova

"H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sesqazeti.az

1Mənbələr