
Azərbaycanın strateji valyuta ehtiyatları son bir ildə 15.9 faiz artaraq 1 aprel 2026-cı il tarixinə 85 milyard 151,1 milyon ABŞ dollarına yüksəlib. Bununla belə, 2025-ci ilin müvafiq dövründəki 24.6 faiz artmışdı.
Kommersant.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda strateji valyuta ehtiyatında suveren fond Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının cəmi ilə hesablanır.. Əsas artım hissəsi ARDNF-nin üzərinə düşüb.
Mərkəzi Bank son faiz iclasında bildirdi ki, cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə AMB-nin ehtiyatları 1 aprel tarixinə 11 mlrd. 656.8 milyon ABŞ dolları olmaqla ilk rübdə 1.2%, illik 6% artmış olub
AMB valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qaldığını deyir. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.