AZ

Şimali Koreya ordusu Kursk döyüşlərindən sonra doktrinasını dəyişib - Analitik

Şimali Koreya ordusunun Rusiya–Ukrayna müharibəsində iştirakı, böyük itkilərə baxmayaraq, onun transformasiyası və modernləşdirilməsi prosesində əsas amillərdən birinə çevrilib. 

HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın hərbi-siyasi analitiki Con Hemminqs Kral Birləşmiş Xidmətlər Müdafiə Araşdırmaları İnstitutunun saytında dərc olunan məqaləsində yazıb.

Müəllifin qeyd etdiyi kimi, cəbhədə əldə edilən döyüş təcrübəsi və Rusiya ilə texnoloji əməkdaşlıq Pxenyanın doktrinasında, silahlanmasında və müdafiə sənayesi bazasında sistemli dəyişiklikləri artıq sürətləndirir.

Məlumata əsasən, 2024-cü ilin payızına qədər təxminən 12 min Şimali Koreya hərbçisi Kursk vilayətində yerləşdirilib və onlar Rusiya qüvvələri ilə birlikdə fəaliyyət göstəriblər. İlkin mərhələdə onların taktikasını Ukrayna kəşfiyyatı primitiv və həddindən artıq hücumçu kimi təsvir etsə də, zamanla vəziyyət dəyişib. Analitik vurğulayır ki, Şimali Koreya ordu bölmələri müasir müharibə şəraitinə uyğunlaşmağa başlayıb.

“Zamanla Şimali Koreya ordu bölmələri Ukraynadakı yeni müharibə üslubuna uyğunlaşdı və pilotsuz uçuş aparatlarının kəşfiyyat məlumatlarını birbaşa artilleriya və reaktiv yaylım atəşi sistemlərinin idarəetmə konturlarına inteqrasiya etməyə başladı, ‘aşkarlama–atəş’ dövrünü saatlardan dəqiqələrə endirdi”, deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, bu təcrübə Şimali Koreya ordusunun köhnəlmiş texniki bazası ilə toqquşur. Ordunun zirehli texnikası və aviasiyasının böyük hissəsi hələ də Sovet dövrünə aid modellərdən ibarətdir. Şimali Koreyanın arsenalında T-54/T-62 tankları, eləcə də MiQ-15 və MiQ-19 təyyarələri mövcuddur.

Doktrina məsələsinə toxunan analitik bildirir ki, Şimali Koreya ənənəvi olaraq Koreya müharibəsi dövründə Çin qoşunlarının təcrübəsini və ABŞ əməliyyatlarının təhlilini birləşdirib. Əsas prinsiplər sürpriz, kütləvilik, manevr və gizlilik olub. Lakin Ukraynada müharibə bu yanaşmanın zəif tərəflərini üzə çıxarıb və ciddi itkilərdən sonra taktikanın yenilənməsinə səbəb olub.

Pxenyan artıq döyüş təlimatlarını yenidən yazmağa başlayıb, hazırlıq sistemi dəyişdirilir və diqqət kütləvi əməliyyatlardan kiçik mobil bölmələrə, pilotsuz sistemlərə və şəbəkə əsaslı idarəetməyə yönəldilir. Analitik həmçinin bildirir ki, Şimali Koreya rəhbərliyi süni intellekt, radioelektron mübarizə vasitələri və hətta peykə qarşı sistemlər kimi texnologiyaları prioritet elan edir.

Araşdırmada Rusiya ilə əməkdaşlıq ayrıca vurğulanır. 2024-cü ildə Moskva və Pxenyan arasında imzalanan razılaşmanın Şimali Koreyaya CNC dəzgahlar da daxil olmaqla daha müasir istehsal avadanlıqlarına çıxış imkanı verdiyi qeyd olunur. Bu, raket istehsalı üçün kritik əhəmiyyət daşıyır. Eyni zamanda dron istehsalı mərkəzlərinin genişləndirildiyi və Panhyon aviabazasında hücum və kəşfiyyat dronlarının sınaqdan keçirildiyi bildirilir.

Müəllifin fikrincə, Pxenyan paralel olaraq süni intellekt və avtonom tuşlama sistemlərinə də sərmayə qoyur. Yeni dronların sınaqları və onların döyüş sistemlərinə inteqrasiyası Şimali Koreyanın texnoloji prioritetlərində ciddi dəyişiklikdən xəbər verir.

Nəticə olaraq qeyd olunur ki, Şimali Koreyanın transformasiyası təkcə Koreya yarımadası üçün deyil, bütövlükdə regionda güc balansı üçün strateji əhəmiyyət daşıyır. Analitikə görə, Şimali Koreya kütləvi sursat istehsalı ilə pilotsuz və şəbəkə əsaslı texnologiyaların birləşdirildiyi daha adaptiv hərbi modelə doğru irəliləyir.

Samir
 

Seçilən
4
hit.az

1Mənbələr