AZ

Sülh körpüsü ndən keçid: xalq diplomatiyası nə ilə nəticələnəcək?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Mark Avreli öz "Düşüncələr"ində demişdi: "Sənin həyatın - sənin düşüncələrinin nəticəsidir. Sən səndən kənarda baş verən hadisələrdən yox, o hadisələrə verdiyin qiymətdən zərər görürsən".

Bu fikri siyasətə də müncər etmək olar. Bəlkə də elə daha çox siyasətə aiddir.

Cənubi Qafqazda gedən proseslərdə də bu, özünü qabarıq göstərib. Məsələn, Gürcüstanda kilsə, müəyyən qısa dövrləri istisna etsək, hökumətlər, siyasi və mədəni elitalar öz cəmiyyətini Azərbaycanla dostluq və qonşuluq yönünə yönəldirdi. Ermənistanda isə tam əksinə: kilsə də, hökumətlər də, siyasi, mədəni elitalar da Azərbaycanla düşmənçiliyi körükləyir, işğal rejimini qoruyub saxlamağa çalışırdılar. Gürcü xalqı haqlı olaraq düşündü ki, Azərbaycanla dost olmadan inkişaf edib, irəli gedə bilməyəcək. Ermənistan toplumunda isə bunun tam əksi olan fikir formalaşmışdı.

2020-ci ildə Azərbaycanın qələbəsindən sonra bu fikir Ermənistan cəmiyyətində aşınmağa, dağılmağa başladı. Əlbəttə, əgər bütövlükdə türk etnosuna qarşı düşmənçiliyi götüesək, yüzillərlə formalaşmış, hətta doqmalaşmış fikirləri qısa müddətdə və tamamilə dağıdıb, erməni cəmiyyətinin ictimai şüurundan birdəfəlik silmək mümkün görünmür. Hər halda mənə belə gəlir. Eyni zamanda müharibədən zərər çəkmiş Azərbaycan cəmiyyətinin də hər şeyi bir gündə unudacağı real və doğru deyil.

Ancaq hər iki ölkə sülh istəyir; hökumətlərin düşüncəsi bu cürdür və həm Azərbaycanda, həm Ermənistanda sülh istəyi, sülh şəraitində yaşamaq arzusu yüksəkdir. Hər iki toplum hərəsi öz hökumətinin sülh axtarışına dəstək verir. Bu da o deməkdir ki, hər xalq öz hökumətinə bu məsələdə etimad göstərir. Bu, özü də düşüncənin (həm də sağlam düşüncənin) məhsuludur. Hökumətlərin kənar vasitəçi, təşkilatçı, moderator olmadan öz aralarında birbaşa əlaə qurmaq, birbaşa danışıqlar aparmaq düşüncəsi də Azərbaycandan gəlmişdi və Ermənistan hökuməti də bunu qəbul etmişdi. İndi artıq iki ölkənin liderləri bir-biri ilə ikitərəfli, təkbətək formatlarda da görüşür, danışır. Bu da sülh prosesini irəli aparmağa kömək edən faktordur.

Əlbəttə, cəmiyyətlərin iki ölkə arasındakı sülh prosesində öz hökumətlərinə etimadı çox önəmlidir; bunun ilkin nəticəsi olaraq, 8 aydan çoxdur, hər iki xalq faktik sülh şəraitində yaşayır. Bu, çox mühüm faktdır və Azərbaycan prezidenti İlham Əliyev də bunu dəfələrlə vurğulayıb.

Bəli, biz müharibə şəraitində - iki ordunun bir-birini hədəf aldığı silahların kölgəsində yaşamağa öyrəşmişdik, ancaq sülhün işığında (qonşu Ermənistanla birlikdə) yaşamağı indi öyrənirik.

Bu, dediyim kimi, cəmiyyətlərin öz hökumətlərinə etimadından doğan bir irəliləyişdir. Bir də var, cəmiyyətlərin bir-birinə etimad göstərməsi. Bu da fövqəladə önəmli məsələdir. Çünki nəticədə hökumətlər də, ordular da cəmiyyətlərin içindən seçilib formalaşdırılır.

Hazırda cəmiyyətlər arasında etimadın yaradılması üçün "Sülh körpüsü" təşəbbüsü tam gücü və bütöv məzmunu ilə işləyir. Vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərləri, burada müzakirələrin konstruktiv, mədəni dialoq mühitində keçməsi çox müsbət prosesdir. Xüsusilə, iki məqamı vurğulamaq istərdim: birincisi, vətəndaş cəmiyyətlərinin nümayəndələri hər nə qədər "xalq diplomatiyası" formatını təmsil etsələr də, bu təşəbbüsə hər iki ölkədə hökumətlərin dəstək verməsi uğurlu perspektivlər yaradır. Hələlik sonuncu olan belə bir görüş Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri təmsilçilərinin arasında bu günlərdə Qəbələdə keçirildi. Görüşdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak və çıxış etdi, bu sahənin ən yüksək səviyyəsində müzakirələrə yön verildi. Bu, dediyim kimi, çox mühüm, təsirli faktordur. İkinci nüans - ilk baxışdan texniki xarakter daşısa da, əslində çox dərin anlamı olan məsələ də var. Bu da "Sülh körpüsü" iştirakçılarının birbaşa iki ölkənin quru sərhədlərini keçərək görüşmələridir. Onlar, adətən, sərhədlərin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçirlər və bu da ayrıca anlam daşıyır. İndiyə qədər vətəndaş cəmiyyətləri ya Tiflisdə (əvvəllər hətta Moskvada), ya da Avropa şəhərlərində görüşlər keçirirdi. Amma 2023-cü ilin dekabrın 7-dən başlayaraq, ilk dəfə quru sərhədləri keçməklə birbaşa təmaslar quruldu.

Məlumdur ki, "xalq diplomatiyası" formatında kontaktların intensivləşdirilməsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində aktuallaşıb. Həmin razılaşmlardan sonra 4 belə görüş keçirilib. 2025-ci ilin oktyabrında Azərbaycan cəmiyyətinin nümayəndələri quru sərhədləri keçərək, Ermənistana gedib, 21-22 noyabrda qarşı tərəf Azərbaycana gəlib. Bu il də yenə iki səfər edilib: əvvəlcə bu ilin fevralında Azərbaycan təmsilçiləri qonşu ölkəyə səfər edib, sonra isə Ermənistanın vətəndaş cəmiyyətinin təmsilçiləri Azərbaycana gəlib. Bu görüşlərdə ictimai şüur, ictimai fikir səviyyəsində sülhə mane olan məsələlər müzakirə olunub.

Beləliklə, hamılıqla sülhə, qarşılıqlı etimada doğru daha bir addım atılıb.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr