AZ

Həkim bayat makaronun faydalı xüsusiyyətlərini müəyyən edib

Soyudulmuş və “dünən qalan” makaron “rezistent nişasta” kimi tanınan bir maddə əmələ gətirir. Adi nişastadan fərqli olaraq, bu maddə nazik bağırsaqda daha az həzm olunur və yoğun bağırsağa keçir; orada prebiyotik kimi fəaliyyət göstərərək faydalı bakteriyalar üçün çoxalma mühiti yaradır.

Editor.az xəbər verir ki, bu barədə dietoloq Samantha Peterson “Real Simple” nəşrinə verdiyi müsahibədə məlumat verib.

Mütəxəssislərin sözlərinə görə, bu nişasta həzm sisteminin funksiyalarını yaxşılaşdırır və qan şəkərinin səviyyəsinin tarazlanmasına kömək edir. Karbohidratların daha yavaş sorulması nəticəsində yeməkdən sonra qlükoza səviyyəsində kəskin yüksəlişlər azalır ki, bu da xüsusilə metabolik sağlamlıq baxımından əhəmiyyətlidir.

“Bundan əlavə, rezistent nişasta insulinə həssaslığı dəstəkləyə və daha uzunmüddətli toxluq hissi yarada bilər. Bu xüsusiyyətlər iştahın idarə olunmasını yaxşılaşdırır və gün ərzində daha sabit enerji səviyyəsinin qorunmasına kömək edir,” – deyə mütəxəssis bildirib.

Dietoloq qeyd edib ki, soyudulmuş karbohidratlı qidalar “karbohidratsız” qidaya çevrilmir, lakin protein, sağlam yağlar və liflə birlikdə qəbul edildikdə metabolizm üçün daha faydalı ola bilər. Peterson həmçinin bəzi qidaların təbii olaraq rezistent nişasta ehtiva etdiyini vurğulayıb. Bunlara yaşıl banan, qarğıdalı və paxlalı bitkilər daxildir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr