AZ

Orban getdi: Avropanın bütün siyasi mənzərəsi dəyişir

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın səyləri və Rusiyadan gələn dəstəyə rəğmən Macarıstandakı Viktor Orban hökuməti bazar günü keçirilən parlament seçkilərilə sarsıdıcı məğlubiyyətə düçar oldu.

Seçkinin təsdiqlənən nəticələrinə görə, sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq, 199 yerlik parlamentdə 138 mandat əldə edib. Hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyası müttəfiqləri ilə birlikdə 54 yer qazanıb. Daha 7 mandat isə “Bizim Vətənimiz” partiyasına qismət olub.

Politoloq Rəşad Bayramov Bakupost.az-a bildirib ki, Macarıstanda keçirilən seçkilər yalnız daxili siyasi dəyişiklik deyil, həm də Avropa və daha geniş geosiyasi kontekstdə ciddi nəticələr doğuracaq hadisə kimi qiymətləndirilməlidir:

“Xüsusilə Viktor Orbanın, uzun illər ərzində qurduğu siyasi sistemə və xarici dəstəyə baxmayaraq məğlub olması bir neçə əsas faktorla izah oluna bilər. İlk növbədə, Orbanın məğlubiyyətinin əsas səbəblərindən biri daxili sosial-iqtisadi narazılığın artmasıdır. Son illərdə inflyasiya, həyat səviyyəsinin aşağı düşməsi və korrupsiya iddiaları seçicilərin hakimiyyətə inamını zəiflətdi. Orbanın “illiberal demokratiya” modeli müəyyən müddət effektiv görünsə də, uzunmüddətli perspektivdə iqtisadi rifahın zəifləməsi bu modelin legitimliyini sarsıtdı. Bu fonda müxalifətin daha geniş seçici kütləsini səfərbər etməsi mümkün oldu”.

Ekspert hesab edir ki, müxalifətin əvvəlki illərlə müqayisədə daha konsolidə olunmuş fəaliyyəti də Orbanın məğlubiyyətini qaçılmaz edib:

“Peter Maqyar kimi yeni siyasi fiqurun ortaya çıxması seçicilərə alternativ təqdim etdi. Onun həm sistem daxilindən gəlməsi, yəni uzun illər ərzində Orbanın rəhbərlik etdiyi partiyada olması, həm də islahat vədləri seçicilərin bir hissəsi üçün daha inandırıcı göründü. Bu, Orbanın uzun illər istifadə etdiyi “alternativ yoxdur” narrativini zəiflətdi”.

Müsahibimiz Donald Trampın Orbana dəstəyinin nəticə verməməsini isə macar seçicisinin daxili problemləri xarici siyasi məsələlərdən üstün tutması ilə əlaqələndirdi:

“Donald Trump və Rusiya kimi aktorların dolayı və ya açıq dəstəyi isə gözlənildiyi qədər təsirli olmadı. Bunun əsas səbəbi Macarıstan seçicisinin daxili problemləri xarici siyasi simpatiyalardan üstün tutmasıdır. Həmçinin, ABŞ vitse-prezidenti Vensin seçki öncəsi səfəri müəyyən seçici qrupları üçün əks effekt də yaratdı. Bir sıra seçicilər bunu xarici müdaxilə kimi qəbul etdilər və bu da cəmiyyətin müəyyən hissəsində milli suverenlik həssaslığını artırdı”.

R. Bayramov hesab edir ki, Macarıstandakı seçkinin nəticəsi Avropada institusional birliyi gücləndirəcək:

“Bu seçkinin Avropanın siyasi mənzərəsinə təsiri kifayət qədər əhəmiyyətlidir. Uzun illər Avropa İttifaqı daxilində problemli üzv kimi qəbul edilən Macarıstanla Brüssel arasında hüququn aliliyi, media azadlığı və demokratik institutlar məsələsində qarşıdurma yaşanırdı. Yeni hakimiyyətin Aİ ilə daha konstruktiv münasibətlər qurmaq niyyəti Avropada institusional birliyin güclənməsinə töhfə verə bilər. Bu baxımdan, müəyyən mənada artıq “Avropa rahat nəfəs ala bilər”. Avropa üçün müəyyən optimizm yaranır”.

Amma həmsöhbətimiz bunun da dərhal baş verməyəcəyi qənaətindədir:

“Çünki Macarıstanda Orban dövründə formalaşmış institusional strukturların dəyişdirilməsi zaman və siyasi iradə tələb edəcək”.

Rusiyaya gəldikdə, politoloqun sözlərinə görə, Orabanın gedişi xüsusilə sanksiya siyasəti və enerji əməkdaşlığı məsələlərində Moskvanın manevr imkanlarını məhdudlaşdıracaq:

“Orbanın məğlubiyyəti Moskva üçün strateji itkidir. Onun hakimiyyətdən getməsi ilə Rusiya Aİ daxilində nisbi dayaq nöqtələrindən birini itirmiş olacaq”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr