AZ

Xəzərdə NƏ BAŞ VERİR? – Böyük zəlzələ OLACAQ?

Son həftələrdə Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə olunan seysmik aktivlik həm əhalini, həm də mütəxəssisləri ciddi şəkildə düşündürməyə başlayıb. Demək olar ki, hər gün, bəzən gün ərzində bir neçə dəfə qeydə alınan 3-dən 5 bala qədər gücündə olan yeraltı təkanlar “Xəzərdə nə baş verir?” sualını gündəmə gətirib.
 
Yer qabığının dərinliklərində baş verən bu proseslər sadəcə təbii bir boşalma, yoxsa daha dağıdıcı bir zəlzələnin xəbərçisidir? Xəzərin mürəkkəb tektonik quruluşu və dəniz dibindəki aktiv qırılmalar bu cür ardıcıl aktivliyi həm gözlənilən, həm də sirli edir. İnsanlarda haqlı həyəcan yaradan bu zəlzələlərin tezliyi, onların enerji boşalması yoxsa gərginlik yığılması olduğunu anlamağı zəruri edir.
 
Məsələ ilə bağlı Nocomment.az-a danışan seysmoloq Ənvər Əliyev bildirib ki, Xəzər dənizində qeydə alınan bu ardıcıl təkanlar regionun yüksək seysmoaktiv zonada yerləşməsinin birbaşa göstəricisidir: “Xəzər dənizi tektonik baxımdan çox mürəkkəb və aktiv bir bölgədir. Xüsusilə Şimali və Cənubi Xəzər qırılmalarının kəsişmə nöqtələrində yer qabığının hərəkəti mütəmadi olaraq yeraltı təkanlara səbəb olur. Son vaxtlar müşahidə etdiyimiz 4.5, 4.6 və 3 bal gücündəki zəlzələlər əslində dəniz dibindəki blokların hərəkətə gəlməsidir. Bu cür kiçik və orta güclü təkanların tez-tez baş verməsi bir tərəfdən müsbət hal kimi qiymətləndirilə bilər, çünki bu, yığılmış enerjinin tədricən boşalması deməkdir. Lakin digər tərəfdən, bu qədər ardıcıl aktivlik seysmik ocaqlarda gərginliyin hələ də yüksək olduğunu və dəniz dibindəki tektonik proseslərin sürətləndiyini göstərir”.
 
Onun sözlərinə görə, Xəzərdəki zəlzələlərin xarakteri quru sahələrdəki zəlzələlərdən fərqlidir və bu, təhlükə riskini dəyişdirir: “Dəniz zəlzələləri adətən daha böyük dərinliklərdə baş verir, bu da onların dağıdıcı gücünü qurudakı eyni güclü təkanlarla müqayisədə bir qədər azaldır. Lakin ardıcıl baş verən bu zəlzələlər Abşeron yarımadası və sahilboyu ərazilər üçün diqqət mərkəzində saxlanılmalıdır. Gün ərzində 2-3 dəfə təkanların qeydə alınması o deməkdir ki, seysmik ocaqlar aktiv fazadadır. Biz bunu ‘seysmik fırtına’ və ya aktivləşmə dövrü kimi xarakterizə edə bilərik. Bu vəziyyət bir neçə həftə, hətta bir neçə ay davam edə bilər. Əsas məsələ odur ki, bu kiçik təkanlar daha böyük bir qırılmanı tətikləyə bilərmi? Bu suala cavab vermək üçün dəniz dibindəki monitorinqlər gücləndirilməlidir”.
 
Seysmoloq qeyd edib ki, Xəzər dənizindəki bu aktivliyin Abşeron-Prebalxan qırılma zonası ilə birbaşa əlaqəsi var: “Bu zona Xəzəri iki hissəyə bölən ən aktiv tektonik strukturdur. Aparılan müşahidələr göstərir ki, dənizdəki bu aktivlik həm də dəniz səviyyəsinin dəyişməsi və geodinamik təzyiqlərlə bağlı ola bilər. Lakin bir şeyi unutmaq olmaz: Azərbaycan, xüsusən də Bakı və ətraf ərazilər 8-9 ballıq zəlzələ zonasına daxildir. Odur ki, hər bir kiçik təkan bizə binaların tikinti keyfiyyətini və seysmik davamlılığı yoxlamaq üçün bir xəbərdarlıq olmalıdır. Hazırda müşahidə olunan zəlzələlər yer qabığının sanki ‘nəfəs almasıdır’, lakin bu nəfəsin nə vaxt kəskinləşəcəyini dəqiq proqnozlaşdırmaq elmi baxımdan hələ ki mümkün deyil”.
Seçilən
0
4
moderator.az

5Mənbələr