AZ

“Çox ciddi dəyişikliklərin olacağını düşünmürəm”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Viktor Orban artıq bir neçə seçkini udan və son dövrlər Macarıstanda ən uzunmüddətli hakimiyyətdə olan baş nazir kimi qəbul olunur. Onun fəaliyyəti həm Macarıstan, həm də beynəlxalq səviyyədə fərqli yanaşmalara səbəb olub. Belə ki, həm ölkə daxilində, həm də Avropa İttifaqında onu avtoritarizmə meyillilikdə, ölkədəki korrupsiya ilə bağlı məsələlərdə tənqid edirlər. Xüsusilə də Avropa İttifaqı ilə ölkə daxilində olan düşərgə ilə Orbanın fikir ayrılığı Ukrayna məsələsi ilə bağlı oldu”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O.Qasımov bildirib ki, Orbanın həm Rusiya, həm ABŞ liderləri ilə yaxın münasibətləri onu tənqid hədəfinə çevirmişdi: “Son bir neçə ildə Ukrayna savaşı getdiyi dönəmdə Macarıstan baş nazirinin bu məsələdə tutduğu mövqe Avropa İttifaqının mövqeyi ilə kəskin şəkildə fərqlənirdi. Bu da tərəflər arasında ciddi narazılığa gətirmişdi. Avropa İttifaqı da Macarıstanın daxilində müxalifəti dəstəkləyərək bu seçkilərdə Orbanın uduzması üçün əlindən gələni etdi və belə desək, əsas məqsədlərinə də çata bildilər. Təbii ki, Orban 15 il Macarıstanda hakimiyyətdə olub və bu dönəmdə kifayət qədər hadisələr baş verib, Macarıstan əslində bu və ya digər formada Avropa siyasətində önəmli rol oynayıb”.

Politoloq düşünür ki, Macarıstandakı bu seçkilər yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər: “Çox ciddi dəyişikliklərin olacağını düşünmürəm. Sadəcə olaraq yeni siyasi qüvvə müəyyən dəyişikliklərə gedəcək. Bu, xüsusilə Avropa İttifaqı ilə münasibətlərlə olan məsələdir, bundan başqa Rusiya ilə bağlı və Ukrayna savaşına münasibətdə müəyyən bir korrektələrin olacağını düşünürük. Şübhəsiz ki, yeni hakimiyyətin kifayət qədər problemləri də olacaq. Bu, həm də enerji sektoru ilə bağlıdır. Belə ki, Macarıstanın enerji resurslarının əksəriyyəti Rusiyadan təmin olunur. ABŞ ilə də Orban dönəmində mövcud olan münasibətlərin pozulmaması, normal səviyyədə saxlanması üçün yeni hakimiyyətin üzərinə kifayət qədər işlər düşür”.

O vurğulayıb ki, bizim üçün maraqlı olan məqamlardan biri yeni baş nazirin Türk Dövlətləri Təşkilatı, türk dünyası ilə bağlı olan münasibətidir: “Nəzərə alsaq ki, Orban dönəmində Azərbaycanla Macarıstan arasında münasibətlər kifayət qədər yüksək səviyyəyə qaldırılmışdı. Tərəflər arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmişdi və kifayət qədər etimadlı bir mühitdə formalaşmışdı”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr