AZ

Yazı işlərinin birini marker, digərini süni intellekt yoxlaya bilər - DİM

Kütləvi imtahanlarda yazı işlərinin yoxlanılması prosesi uzun illərdir ki, təhsildə ən həssas və məsuliyyətli mərhələlərdən biri hesab olunur. Bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müasir texnologiyalara əsaslanan sistemlər tətbiq edilir. 

Redaktor.az
xəbər verir ki, DİM-in şöbə müdiri Aydın Qasımov “Azərbaycan müəllimi”nə müsahibəsində yazı işlərinin avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi, mövcud sistemin üstünlükləri və gələcəkdə süni intellektin tətbiqi ilə bağlı planlar haqqında danışıb.

– Aydın müəllim, “Kütləvi İmtahanlarda Yazı İşlərinin Avtomatlaşdırılmış Qiymətləndirmə Sistemi” (AYYS) nədir və hansı funksiyaları yerinə yetirir?

– AYYS yazı işlərinin meyarlar əsasında həm onlayn, həm də oflayn rejimdə qiymətləndirilməsini təmin edən kompleks texnoloji sistemdir. Bu sistem yalnız yoxlama prosesini deyil, eyni zamanda markerlərin fəaliyyətinin auditini də əhatə edir.

– Kütləvi imtahanlarda yazı işlərinin yoxlanılması prosesində hansı yeniliklər tətbiq olunub?

– Dövlət İmtahan Mərkəzində artıq 10 ilə yaxındır ki, yazı işlərinin yoxlanılması üçün xüsusi sistem tətbiq olunur və bu sistem davamlı olaraq təkmilləşdirilir. Hazırda markerlər yoxlama prosesini onlayn şəkildə, öz evlərindən həyata keçirirlər. Lakin bundan əvvəl onlar mütləq treninq və kalibrləmə mərhələsindən keçməlidirlər. Yalnız bu mərhələdə uğur qazanan markerlər yoxlama prosesinə cəlb olunur.

– Yazı işlərinin qiymətləndirilməsi konkret olaraq necə aparılır?

– Hər bir yazı işi iki marker tərəfindən yoxlanılır. Əgər onların verdiyi qiymətlər üst-üstə düşərsə, həmin qiymət yekun nəticə kimi qəbul olunur. Uyğunsuzluq olarsa, iş üçüncü markerə göndərilir və üst-üstə düşən iki qiymət əsas götürülür.

İki yoxlamadan biri marker, digəri isə süni intellekt tərəfindən həyata keçiriləcək

– Bu prosesdə süni intellektin tətbiqi ilə bağlı hansı işlər görülür?

– Hazırda yazı işlərinin yoxlanılmasında süni intellektin tətbiqi ilə bağlı tədqiqatlar aparılır. Gələcəkdə mümkün variantlardan biri odur ki, iki yoxlamadan biri marker, digəri isə süni intellekt tərəfindən həyata keçirilsin. Əgər əlavə yoxlamaya ehtiyac yaranarsa, son qərarı yenə marker verəcək.

– Bu texnologiyanın tətbiqi hansı üstünlüklər vəd edir?

– Əgər tədqiqatlar uğurlu nəticə verərsə, bu, həm resurslara ciddi qənaət edəcək, həm də prosesin daha sürətli və effektiv təşkilinə imkan yaradacaq. Lakin bunun üçün hüquqi məsələlər də mütləq şəkildə işlənməlidir.

– Hazırda neçə marker bu prosesdə iştirak edir?

– Hazırda bütün fənlər (qəbul və buraxışış fənləri) üzrə ümumilikdə 3 mindən artıq marker fəaliyyət göstərir, onlardan 2000-dən çoxu aktiv şəkildə yoxlama prosesində iştirak edir. Bəzi fənlər üzrə yoxlama prosesi buraxılış imtahanından başlayaraq  ikinci cəhd imtahanına qədər (6 ay ərzində) davam edə bilir. Bu fənlər üzrə (Azərbaycan dili, riyaziyyat) markerlərimiz daha çoxdur. 

– Süni intellekt sistemi sıfırdan hazırlanacaq, yoxsa əməkdaşlıq çərçivəsində?

– Bu sistem tamamilə sıfırdan yaradılmayacaq. Müəyyən beynəlxalq əməkdaşlıqlar çərçivəsində uyğunlaşdırma yolu ilə həyata keçiriləcək. Əsas çətinlik isə əl yazısının oxunması, tanıdılması və daha sonra meyarlar üzrə düzgün qiymətləndirilməsidir. Bu, tədqiqat tələb edən bir dövrdür. Amma hazırda yoxlamanı markerlər həyata keçirir.

– Beynəlxalq təcrübədə bu yanaşma tətbiq olunurmu?

– Bəli, bəzi ölkələrdə bu təcrübə mövcuddur. Məsələn, İsrail və Niderlandda qiymətləndirmə ilə məşğul olan qurumlar müəyyən hallarda süni intellektdən istifadə edirlər. Lakin hüquqi əhəmiyyəti yüksək olan imtahanlarda bu texnologiya hələ geniş tətbiq olunmur. 

– Ümumilikdə bu sahədə ən çətin məqam nədir?

– Kütləvi imtahanlarda yazı işlərinin yoxlanılması ən mürəkkəb mərhələdir. Digər proseslər daha çox avtomatlaşdırılıb. Bu sistemdə də avtomatlaşdırma mövcuddur – yazı işlərinin markerlərə paylanması, yoxlamaların təşkili proqram tərəfindən təsadüfi qaydada həyata keçirilir. Markerlər isə yalnız meyarlar əsasında qiymətləndirmə aparırlar.

Seçilən
16
1
redaktor.az

2Mənbələr