AZ

Uşaqlara yad mənşəli adların qoyulması problemi müzakirə edilib - FOTO

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda geniş ictimai dinləmə keçirilib.

APA xəbər verir ki, müzakirədə Milli QHT Forumuna üzv olan, mövzu ilə bağlı fəaliyyət göstərən QHT-lərin nümayəndələri, dövlət qurumları yanında ictimai şuraların üzvləri və ekspertlər iştirak ediblər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında mövzunun aktuallığını vurğulayaraq bildirib ki, milli kimliyin təməl daşlarından biri ad ənənələridir. Onun sözlərinə görə, dövlət başçısının milli kimliyin və dilin saflığının qorunması ilə bağlı çağırışlarının reallaşdırılmasında ictimai təşəbbüslərə dəstək mühüm rol oynayır: “QHT-lərin bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi və fikir mübadiləsinin təşkili də əsas məqsədlərdən biridir”.

“Maarifçi” Media Mərkəzi İctimai Birliyinin sədri Səadət Məmmədova qeyd edib ki, qloballaşma şəraitində milli kimliyin zəifləməsi riski mövcuddur və bunun qarşısını almaq üçün ictimai fəallıq vacibdir. O bildirib ki, ad seçimi Azərbaycan dilinin saflığının qorunmasının əsas vasitələrindən biridir:
“Son vaxtlar uşaqlara verilən adların seçilməsi zamanı bəzi problemlər müşahidə olunur. Gənc valideynlər seriallardan, cizgi filmlərdən, oxuduqları xarici əsərlərdən və texnoloji yeniliklərdən təsirlənərək övladlarına ad seçirlər. Bəzən isə müxtəlif söz və hecaları birləşdirərək yeni adlar yaradırlar. Bu cür adlar Azərbaycan dilinin qaydalarına uyğun olmur və milli kimliyimizi əks etdirmir”.

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli “Milli kimlik məsələsi və çağdaş adlar, dilin qorunmasında ad amili, xarici təsirin gizli fəsadları” mövzusunda çıxış edərək bildirib ki, son illər qeyri-ənənəvi və yad mənşəli adlara meyl narahatedici tendensiyaya çevrilib. O vurğulayıb ki, dilin milli kodları adlar vasitəsilə yaşadılır və bu sahədə laqeydlik nəsillər arasında mənəvi bağlılığı zəiflədə bilər.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə isə “Valideynlik hüququ və milli adlar: milli irsin və yaddaşın qorunmasında vətəndaş məsuliyyəti” mövzusunda çıxış edib. O bildirib ki, ad seçimi yalnız şəxsi zövq məsələsi deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi irsdir. Çıxışda valideyn hüquqları ilə milli-mənəvi dəyərlərin qorunması arasında hüquqi balansın əhəmiyyəti qeyd olunub və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları tərəfindən valideynlər üçün tövsiyə xarakterli maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi, uşaq adları üzrə siyahıların hazırlanması və digər təkliflər irəli sürülüb.

Uşaqlara Uşaqlara Uşaqlara Uşaqlara Uşaqlara Uşaqlara Uşaqlara Uşaqlara
Seçilən
4
2
apa.az

4Mənbələr