Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən “Tullantıdan sənətə” muzeyində qeyri-adi bir əsərlə tanış oldum. Ağaca sarılmış zəncirlər və budaqlardan yarpaq kimi asılan müxtəlif fikirlərin yazıldığı kağız parçaları…
İlk baxışda sadə bir instalyasiya təsiri bağışlasa da, əslində dərin simvolik məna daşıyır. Zəncirlər burada insanın daxili qorxularını, cəmiyyətin qoyduğu sərhədləri və düşüncə məhdudiyyətlərini ifadə edir. Ağac isə həyatın, kökün və davamlılığın rəmzidir. Onun budaqlarından asılan "fikirlər", sanki susdurulmaq istənilən səslərin yenidən canlanmasıdır. Hər yarpaq bir düşüncəni, bir etirazı, bir arzunu özündə əks etdirir. Bu mənzərə insanın həm məhdudlaşdırılan, həm də azadlığa can atan təbiətini göstərir.
Zəncirlər sərt və soyuqdur, amma yarpaqlar canlı, rəngarəng və "ümid" doludur. Əslində müəllif bu instalyasiya ilə qarşıdurmanı ifadə edib. Basqı, məhdudiyyət və azadlıq arasında görünməz mübarizəni əks etdirən bu əsərlə demək istəyir ki, ağac (insan) nə qədər zəncirlənsə də (məhdudiyyətlər qoyulsa da), öz barını (öz düşüncələrini) yarpaq-yarpaq olsa da çatdırmağa can atır.
Bu kompozisiya insanlara bir mesaj verir: nə qədər zəncirlənmiş olsanız da fikirləriniz mütləq bir yol tapacaq. Hələ o ağac qurumayıb (həyat davam edir) və o ağac yarpaq gətirir…
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.