AZ

Fiqaro burda, Fiqaro orda: səbrli ol, Tramp...

Bu, həqiqətən də uzunmüddətli atəşkəsə və ya barışığa tuşlanmış addımdır, yoxsa sadəcə, kiçicik bir pauza– təəssüf, hələ heç kim bu sualın dəqiq cavabını bilmir, hərçənd, ABŞ-la İran arasında fəal hərbi qarşıdurma yaşananda dəfələrlə yazmışdıq ki, molla rejimi çökməyincə, iranlılar dini tiraniyadan qurtulmayınca ciddi, fundamental dəyişikliklər baş verməyəcək, heç bir sülh alınmayacaq, uzağı müvəqqəti pauzalar olacaq, bundan sonra teokratik rejim yenə psevdo - dini ideologiyasını davam etdirəcək, hətta böyük ehtimlla ilk fürsətdə nüvə proqramını da bərpa edəcəkdir.

İndiki iki həftəlik pauzanınsa bircə nəticəsi vardı: deyəsən, Vaşinqton İranın teokratik rejimilə bacarmadı. Bəli, Tramp əvvəl çox bəyan etdi ki, guya İranda hətta hakimiyyəti dəyişə biliblər, amma belə şey olmayıb və hələ də yoxdur, ölkəni mollalar və bir də SEPAH idarə edir.
Düzdür, ABŞ da, İsrail də dəfələrlə dolayı yolla prezident Pezeşkiana işarə etmək istədi ki, adam onların “qara siyahı”sında yoxdur, amma təəssüf, bunun İran prezidentinin siyasətində ciddi əlamətlərini görmədik: düzdür, deyilir ki, guya Pezeşkianla SEPAH arasında ciddi qarşıdurma yaşanır, amma nədə təzahür etdirir bu, özünü? Pezeşkianın yaxın qonşu dövlətlərə barışdırıcı jestləriləmi? Ola bilər! Amma insanlar, müəyyən siyasi dairələr prezident Pezeşkiandan başqa nələrsə gözləyirdi. Dini lider Müctəba az qala, yarı-inkoqnito adama çevrilib, hətta çox ciddi bir şəkildə zədələndiyini, yalnız başının salamat olmasını iddia edənlər var. Üstəlik, onun “kölgə”sinin, rus demiş, “dvoynik” inin kim olduğu hələ bilinmir və belə vəziyyətdə qanunlara görə hakimiyyət ierarxiyasında “ikinci adam” hesab olunan prezidentin lap önə çıxması məntiqli olardı, bu, baş verməyibsə, İranı faktiki olaraq SEPAH-ın idarə etdiyini zənn etməkdən savayı yol qalmır.
O ki qaldı ABŞ-a və ya Trampa, son günlərdə əvvəlcə İranı “daş dövrünə” qaytaracağını və axırda isə İranı sivilizasiya kimi məhv edəcəyini bildirdi! Oldumu? Əlbbəttə ki, yox! Birincisi, İranı “daş dövrü”nə qaytarmağa nə ehtiyac, ölkə hazırda “daş dövrü”ndə yaşamırmı? Sivilizasiyaya gəldikdə, daha yaxşı olmazdımı ki, Tramp bu ölkəni də bəşəri-dünyəvi sivilizasiyaya qovuşduracağını deyəydi, daha düzgün olmazdımı bu? Yoxsa bu da hələ 90-ci illərdən “sivilizasiyaların savaşı” (S.Hantinqton) adlanan böyük bir hipotetik yürüşün ilk partiyası deyil ki? Bəlkə başlayıb, xəbərimiz yox?.
Ciddi adamlar əvvəldən deyirdi ki, İran çətin məsələ olacaq. Onun 80 milyondan çox əhalisi, 1600000 kvadrat kilometr ərazisi var. Birincisi, bu boyda ərazini “raketlərlə örtmək” elə də asan məsələ deyil. İkincisi, İranın ABŞ-dan da, İsraildən də böyük bir fərqi, hətta üstünlüyü var: “mollalar” öz məqsədləri, hakimiyyətləri naminə lazım gəlsə, ölkənin əhalsinin yarısını qurban verərlər. ABŞ-ın belə imkanı yoxdur, yetər ki, ölkəyə beş-on min tabut getsin, bütün ABŞ Trampdan üz çevirəcəkdir!
Ümid NATO-ya idi ki, ABŞ –a bu müharibədə canlı resursları ilə yardım olacaq, amma alınmadı. Son illərdə hamı daha çox amerikalılar, əsas da Tramp NATO-nu dağıdır desələr də, əslində avropalılar da onu az iflic etmir: maliyyəni artırmırlar, birlik göstərmirlər, ümumiyyətlə, başa düşülmür ki, bunlar nə düşünürlər? Təşkilatın xərclərinin yarısını, hətta 70 faizini ABŞ çəkir! Yaxşı siz də nəyəsə yaramalısınız, ya yox?
Məsələnin, Hörmüz tərəfini də başa düşmək olmur: Tramp bir tərəfdən Venesuela əməliyyatından sonra daha Yaxın Şərqin enerji resurslarından aslıl olmadıqlarını deyir, o biri tərəfdən də bildirir ki, Hörmüzün bağlanması dünya iqtisadiyyatını çökdürəcək! Belədəsə, Hörmüz məsələsi də elə Panama kanalının davamı deyilmi? Orada da Çin, burada da Çin...
Tramp həm daha çox “siyasi tacir”dir, həm də çox hövsələsiz adamdır, hay-küyü çox sevir, məqamı gözləmək üçün səbri çatmır: kiçik bir hay-küy salır və dərhal da adamlarını göndərir ki, gedin, danışın! Heç yerdə də hay-küydən başqa şey yox: Ukrayna, Qrenlandiya, Panama, Kuba, nə bilim, Sülh Şurası, indi İran!
İndiyədək yalnız Maduronu həbs edə bilib! Belədəsə, sadaladığımız məsələlərin hamısı çox ciddi problemdir, bunun bircəcyinin ciddi şəkildə həll edilməsi üçün bir prezidntlik müddəti ancaq bəs edər...
Ondan fərqli, Netanyahu “siyasi tacir” deyil, dərhal “gəlir” götürməyi düşünmür, daha hiyləgərdir, başa düşür ki, molla rejimi qalacağı təqdirdə onun ölkəsi üçün daim təhlükə qalacaq, özü də çox ciddi. Odur, Tramp “siyasi tacir”, Netanyahu isə az qala, militarist düşüncəli və mənə elə gəlir, hətta “rasist” adamdır, sanki müharibəyə yerikləyir.
Hərçənd, onun da resursları çox məhduddur: İsrail heç vaxt uzunmüddətli müharibə aparmayıb, bunların hətta Qəzzada müharibəsi xeyli uzandı.
Əvvəldən hiss olunurdu ki, Tramp Netanyahudan canını qurtarmaq istəyir, hətta iki dəfə İsrail prezidentinə amnistiya xahişilə müraciət etdi ki, Netanyahu istefa verməyə qorxmasın, düşünməsin, onu tutarlar!..
İndi də hərb teatrı üçün çox da xarakterik olmayan hal baş verir: ABŞ, İran müharibəni müvəqqəti dayandırıb, İsrailsə bombalayır; gah Livana, gah da İrana atır. İslamabadda isə guya danışıqlar gedirdi!
Halbuki regionda sülhçün ən çox çağırışlar edən Ankara və hətta Bakıdır. Danışıqların əvvəlcə guya Omanda baş tutacağı deyilirdi, indisə İslamabad seçilmişdi. Olsun! Amma bilinmir ki, “molllar” qısqanclıqla yanaşır Ankaraya, yoxsa Vaşinqton? Ən əsası: həftənin sonunda belə bir xəbər gəldi ki, İslamabadda da heç nə alınmayıb...

Seçilən
2
musavat.com

1Mənbələr