Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 11-də və 12-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.