AZ

Kapitalınız gələcəyinizə yetirmi? – Pensiyalarla bağlı ÖNƏMLİ DETALLAR

Azərbaycanda işləyən hər bir vətəndaşın gələcək təminatı olan pensiya məsələsi, xüsusilə son illərdə tətbiq edilən yeni qaydalar və rəqəmlərin yenilənməsi ilə gündəmin ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Bir çoxları üçün pensiya sadəcə müəyyən yaşa çatmaq demək olsa da, müasir qanunvericilik bu məsələni daha çox “yığılan kapital” müstəvisinə keçirib.

Artıq pensiya yaşına çatmaq kifayət etmir; həm də dövlət sosial sığorta hesabınızda kifayət qədər vəsaitin olması mütləq şərtdir. Bu, bir növ insanın öz qocalığı üçün gəncliyindən etibarən topladığı “təhlükəsizlik yastığı”dır. Bəs bu yastığın kifayət qədər “yumşaq” olması, yəni qanuni tələblərə cavab verməsi üçün hesabınızda nə qədər pul olmalıdır? 2026-cı ilin reallıqları və son artımlar fonunda bu rəqəmlər bir çox vətəndaş üçün əlçatmaz və ya mürəkkəb görünə bilər. Əslində isə bu, sadə bir riyazi formulun və dövlətin müəyyən etdiyi minimum hədlərin nəticəsidir. Gələcəkdə “pensiya ala biləcəyəmmi?” sualına cavab tapmaq üçün bugünkü kapitalın həcmi və qanunvericiliyin tələbləri ilə yaxından tanış olmaq zəruridir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə iki əsas şərt qoyulub: “Yaşa görə pensiyaya çıxmaq istəyən şəxs ya minimum 25 il sığorta stajına malik olmalı, ya da fərdi hesabında kifayət qədər pensiya kapitalı toplamalıdır. Əgər vətəndaşın 25 illik iş stajı yoxdursa, bu zaman dövlət onun topladığı vəsaitə baxır. 1 fevral 2025-ci il tarixindən etibarən tətbiq edilən qaydalara əsasən, pensiya təyin olunması üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manat təşkil edir. Bu rəqəm göydəndüşmə deyil, konkret formula əsaslanır: ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasının məbləği, yəni 320 manat, gözlənilən pensiya ödənişi müddəti olan 144 aya vurulur. Beləliklə, şəxsin hesabında ən azı 46 080 manat olmalıdır ki, ona pensiya təyin edilsin”.

Onun sözlərinə görə, kapitalın toplanması prosesi hər bir işləyən şəxsin rəsmi gəlirlərindən tutulan sosial sığorta haqları hesabına formalaşır: “Bir çox vətəndaş elə düşünür ki, maaşından tutulan hər qəpik onun kapitalına yazılır. Lakin yadda saxlamaq lazımdır ki, ödənilən məcburi dövlət sosial sığorta haqlarının yalnız müəyyən bir hissəsi vətəndaşın fərdi hesabında toplanır. Ona görə də maaşın rəsmi olması və məbləğinin yüksək olması birbaşa gələcək pensiya kapitalına təsir edir. Əgər şəxs 65 yaşına çatıbsa, lakin nə 25 illik stajı, nə də tələb olunan 46 080 manat kapitalı yoxdursa, o zaman həmin şəxsə yaşa görə əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət təyin edilə bilər ki, bu da pensiya məbləğindən xeyli aşağıdır. Bu səbəbdən, vətəndaşlar iş fəaliyyətləri dövründə rəsmi əmək müqavilələrinə üstünlük verməli və kapitalın artımını mütəmadi izləməlidirlər”.

Hüquqşünas qeyd edib ki, pensiya kapitalı hər il dövlət tərəfindən indeksasiya olunaraq artırılır: “Bu, inflyasiyanın təsirlərini azaltmaq üçün nəzərdə tutulmuş bir mexanizmdir. Yəni sizin hesabınızdakı vəsait sabit qalmır, hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq artırılır. Lakin burada bir məqamı da unutmaq olmaz: minimum əmək pensiyası artdıqca, pensiyaya çıxmaq üçün tələb olunan minimum kapitalın miqdarı da avtomatik olaraq yüksəlir. Məsələn, əgər növbəti dövrlərdə minimum pensiya məbləği qalxarsa, 46 080 manatlıq tələb də yuxarı doğru dəyişəcək. Bu isə o deməkdir ki, vətəndaşlar həmişə qanunvericilikdəki dəyişiklikləri izləməli və gələcək təminatlarını riskə atmamalıdırlar. Pensiya sistemi həmrəylik prinsipinə əsaslansa da, fərdi kapital yığımı artıq şəxsi məsuliyyət məsələsinə çevrilib”.

.Tunar,
NOCOMMENT.az

Seçilən
17
nocomment.az

1Mənbələr