Belarus Prezidenti Aleksandr Lukaşenko gənclik illərində, sovxoz rəhbəri olduğu və deputatlığa namizədliyini irəli sürdüyü dövrdə özü tərəfindən yazılmış məktubu hədiyyə olaraq alıb.
Oxu.Az bu barədə "BelTA" agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, məktub Mogilyov vilayətinin Şklov rayonunun arxivində saxlanılırdı və dövlət başçısına yerli icraiyyə komitəsinin sədri Sergey Bartoş tərəfindən təqdim olunub. O xatırladıb ki, Lukaşenko vaxtilə bu rayonda yerləşən "Qorodets" sovxozuna rəhbərlik edib. Prezidentin hazırkı səfəri Pasxa bayramı münasibətilə baş tutub.
"Orada sizin həyata keçirdiyiniz məsələlərdən yazılır: kəndləri və yaşayış məntəqələrini qorumaq, şəhər və kənd sakinləri üçün bərabər şərait yaratmaq... Bu məktubun rayon qəzetində dərc olunub-olunmadığını bilmirik", - deyə Bartoş bildirib.
Lukaşenko hədiyyəni qəbul edərək təşəkkür edib və məktubu daha sonra oxuyacağını deyib. O, sənədin yerli qəzetdə dərc olunmasına şübhə ilə yanaşıb və bunu o dövrdə "partiya orqanları ilə mürəkkəb münasibətləri" ilə izah edib.
Qeyd edək ki, Lukaşenko 1987-ci ildən 1990-cı ilədək "Qorodets" sovxozuna rəhbərlik edib.
"Cebheinfo.az"