AZ

“Crescent Mall”dakı mağazadan oğurluq edən şəxsə cəza verildi

Nəsimi Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Bayram Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttiham orqanı tərəfindən irəli sürülmüş ittihama əsasənBayram Hacızadə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməkdə təqsirləndirilir.

 

İş materiallarından məlum olur ki, o, 18 may 2025-ci il tarixdə saat 17:38 radələrində paytaxt ərazisində yerləşən “Wiwu” elektronika mağazasına müştəri qismində daxil olub. Təqsirləndirilən şəxs ətrafda olan şəxslərin onu müşahidə etmədiyinə əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş malları gizli yolla talayıb.

 

Belə ki, o, zərərçəkmiş şəxsin qiymətləndirməsinə əsasən 250 manat dəyərində “Wiwu” markalı “Smart Watch EW01 Ultra” modelli elektron qol saatını, 185 manat dəyərində “Wiwu” markalı “Airpods 0100” modelli simsiz qulaqlığı və 110 manat dəyərində “Wiwu” markalı “Mag Wallet MW001” modelli kart qabını götürərək hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 545 manat məbləğində maddi ziyan vurulub.

 

Bundan başqa, Bayram Hacızadə təkrarən eyni niyyətlə 20 may 2025-ci il tarixdə saat 20:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 117 ünvanında yerləşən “Crescent Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Baku Elektroniks” mağazasına müştəri kimi daxil olub. O, yenidən ətrafdakı şəxslərin diqqətindən yayınaraq vitrinə qoyulmuş malları gizli şəkildə talayıb.

 

Belə ki, Bayram Hacızadə mağazaya məxsus, qiyməti 1299 manat 99 qəpik olan bir ədəd qol saatını oğurlayaraq hadisə yerindən uzaqlaşıb və bununla da hüquqi şəxsə maddi ziyan vurub.

 

Toplanmış sübutlarla müəyyən olunub ki, təqsirləndirilən şəxs hər iki halda eyni üsuldan istifadə edərək özgə əmlakını gizli şəkildə talamaqla təkrar oğurluq əməlini törədib.

 

Məhkəmə iclasında Bayram Hacızadə ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini etiraf edib.

 

Kamal Məmmədov

Tarix: 13 Aprel 2026, 09:08   
Seçilən
18
pravda.az

1Mənbələr