AZ

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

Bu gün ölkəmizdə yaşayan qədim xalqlardan biri olan gürcülər öz müqəddəs bayramları — Pasxanı qeyd edirlər. Pasxa onların ən önəmli dini-milli bayramlarından biri sayılır. Bu bayram azadlıq, birlik və mənəvi yenilənmə rəmzi hesab olunur.

Bayram günlərində ailələr bir araya gəlir, ənənəvi süfrələr açılır və milli adətlər yerinə yetirilir. Bayramdan bir gün əvvəl kilsələrdə xüsusi dualar oxunur, şamlar yandırılır və ibadətlər həyata keçirilir. İnsanlar dini qaydalara uyğun hazırlıq görür, evlər təmizlənir, xüsusi yeməklər hazırlanır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Pasxa bayramı “Ağdgoma”, yəni “oyanış” adlanır.

Bu bayramda adətən xoruz qurban kəsilir və bişirilərək süfrəyə verilir.

Qax rayonunda gürcülərin kompakt yaşadığı Kötüklü, Meşəbaş, Əlibəyli, Qaxbaş, Qarameşə və digər kəndlərin sakinləri bu bayramı böyük coşqu və sevinclə qeyd edirlər.

Kötüklü kənd sakini Vitali Babacanaşvili Bizim.Media-ya Pasxa ilə Novruz bayramları arasındakı oxşarlıqlardan danışıb:

“Pasxa və Novruz bayramları arasında bəzi oxşar cəhətlər var. Hər iki bayramda qohumlar bir araya gəlir, süfrələr açılır, sevinc və birlik ruhu paylaşılır. Bayram günlərində qonaqlıqlar verilir, müxtəlif yeməklər və şirniyyatlar hazırlanır. Hər iki bayramda rəngbərəng yumurtalar boyanır. Sizdə olduğu kimi, bizdə də uşaqlar əllərində torba qapı-qapı gəzərək bayram payı toplayırlar.
 

Sizdə simvolik olaraq şəkərbura, paxlava kimi şirniyyatlar hazırlandığı kimi, bizdə də “Pasxa” adlı şirniyyat hazırlanır. Ən gözəl tərəfi odur ki, Pasxa bayramında azərbaycanlılar bizə, Novruzda isə biz azərbaycanlı dostlarımıza qonaq gedərək bayramı birlikdə qeyd edirik”.


Onu da qeyd edək ki, Pasxa bayramından sonra gürcülər yaxınlarının məzarlarını ziyarət edəcəklər.










Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
0
1
bizim.media

10Mənbələr