AZ

İran və ABŞ arasında həlledici raund: İslamabadda gərginlik pik həddə

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda keçirilən yüksək səviyyəli danışıqların taleyi yaxın saatlarda bəlli olacaq. İranın dövlət teleradio şirkəti olan IRIB-in yaydığı son məlumata görə, tərəflər arasında artıq iki raund danışıq baş tutub və növbəti, yəni üçüncü görüşün bu axşam və ya sabah keçirilməsi gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, IRIB-in İslamabaddakı xüsusi müxbiri ABŞ tərəfinin bu danışıqlarda yenidən “həddindən artıq tələbkar” və sərt mövqe nümayiş etdirdiyini, bunun da müzakirələrin gedişatını ciddi şəkildə çətinləşdirdiyini bildirir. Məhz qarşıda duran üçüncü raundun nəticələri bu diplomatik təmasların ümumiyyətlə uğurla yekunlaşıb-yekunlaşmayacağını və regiondakı hərbi gərginliyin azalıb-azalmayacağını tam şəkildə müəyyən edəcək. Qeyd edək ki, hazırkı müzakirələr aprelin 8-də əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs fonunda baş tutur və masada nüvə proqramı, sanksiyaların taleyi və dondurulmuş aktivlərlə bağlı kritik məsələlər dayanır. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir və Donald Tramp administrasiyası bu görüşləri rəsmi Tehran üçün mühüm bir sınaq mərhələsi kimi qiymətləndirir. Dünya ictimaiyyəti İslamabaddan gələcək xəbərləri böyük maraqla gözləyir, çünki bu görüşlərin nəticəsi Yaxın Şərqdəki “Böyük Müharibə” riskinin gələcək taleyini həll edə bilər.

Sara,
NOCOMMENT.az

Seçilən
36
13
nocomment.az

10Mənbələr