Buxarest, 11 aprel, AZƏRTAC
Rumıniya mövcud ehtiyatlar hesabına daxili yanacaq tələbatını təxminən 90 gün ərzində qarşılamaq imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Boqdan Ivan məlumat verib.
Məlumata əsasən, Rumıniyada həm kommersiya operatorlarının anbarlarında saxlanılan ehtiyatlar, həm də dövlətin strateji rezervləri mövcuddur. Bu ehtiyatlar fövqəladə hallarda istifadəyə verilə bilər və ümumilikdə ölkənin yanacaq təminatının davamlılığını təmin edir.
Boqdan Ivan bildirib ki, mövcud ehtiyatlar sayəsində ölkədə yanacaq çatışmazlığı riski yoxdur, eyni zamanda, gündəlik tədarüklər davam edir və ehtiyatlar mütəmadi olaraq yenilənir.
Qeyd olunur ki, Rumıniyanın 90 günlük ehtiyat imkanları Avropa İttifaqının enerji təhlükəsizliyi tələblərinə uyğundur və bu, ölkənin qısa və orta müddətli dövrdə sabit enerji təminatına malik olduğunu göstərir.
Məsələyə regional kontekstdə yanaşıldıqda, bu cür ehtiyat səviyyəsi Cənub-Şərqi Avropada enerji sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi diqqət çəkir.
Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi Avropa ölkələri ilə əməkdaşlığını genişləndirir və xüsusilə qaz tədarükü sahəsində regionun əsas təminatçılarından biri kimi çıxış edir.
Rumıniya kimi ölkələrin enerji ehtiyatlarını gücləndirməsi və Azərbaycanla əməkdaşlığın inkişafı Avropada enerji təhlükəsizliyinin daha dayanıqlı şəkildə təmin olunmasına əlavə töhfə verir.