AZ

35 titul qazanan mütəxəssis...

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Son günlər səhhəti getdikcə pisləşən, həyatla ölüm arasında qalan Mirça Luçesku artıq haqq dünyasına qovuşub. Görkəmli rumıniyalı məşqçi aprelin 7-də 80 yaşında vəfat edib.Bilindiyi kimi, Luçesku son günlər səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin miokard infarktı diaqnozu qoyulmuş, bir neçə gündən sonra vəziyyəti ağırlaşdığı üçün süni komaya salınmışdı. Hələ DÇ-2026-nın seçmə turnirinin Türkiyə ilə pley-off oyunundan bir neçə gün əvvəl özünü pis hiss edən mütəxəssis vacib matçda iş başında ola bilmişdi. Rumıniya yığması minimal hesabla uduzaraq builki mundialdan kənarda qalmışdı. Ölkə futbol ictimaiyyəti yığmanın uğursuzluğundan çox onun səhhətini müzakirə edirdi. Və çərşənbə axşamı Buxarestdəki klinikalardan birində Luçeskunun xəstə ürəyi birdəfəlik dayandı...O, futbolda sözünü həm oyunçu, həm də məşqçi kimi deməyi bacardı. Doğrudu, məşqçilik sahəsindəki uğurları daha çox idi. Peşəkar futbolçu karyerasına 18 yaşında olarkən “Dinamo”da başlayan Mirça Buxarest klubunda 1963-77-ci illərdə çıxış edib. Komanda ilə ölkə çempionatında keçirdiyi 250 oyunda 57 qol vurub. Vinger mövqeyində oynayan futbolçunin 1965-67-ci illərdə icarə əsasında “Sportul Studentesk”in formasını daşıdığını, bu komandada 39 oyunda 12 qol vurduğunu da bildirək. 1977-82-ci illərdə “Korvinul”da (141 oyunda 26 qol) oynayan Mirça karyerasını başa vurub məşqçiliyə başlasa da, 1990-cı ildə “Dinamo”nun formasında ölkə çempionatının bir oyununda meydana çıxmaq imkanı tapıb. Bu komanda ilə 7 dəfə ölkə çempionluğunu, bir dəfə ölkə kubokunu qazanıb. 1966-79-cu illərdə Rumıniya yığmasında keçirdiyi 64 oyunda 9 qol vurub.Onun məşqçilik yolu 1979-cu ildə “Korvinul”da başlayıb. 1982-ci ilə qədər çalışdırdığı bu komandanı 1979/80 mövsümündə 2-ci divizionda çempionluğa daşıyıb. Bu uğuru yerli federasiyanın diqqətini cəlb edib və Luçesku 1981-ci ildə - 36 yaşında olarkən ölkənin əsas komandasına təyinat alıb. Gənc mütəxəssis çox keçmədən ona göstərilən etimadı doğrultmağı bacarıb: yığmanı AÇ-1984-ün final mərhələsinə çıxarıb. O dövrdə qitə çempionatında 8 komandanın iştirak etdiyini də xatırladaq. Yığmanı 1986-cı ilə qədər çalışdıran Luçeskunun məşqçilik həyatı çox uzun çəkdi. Artıq məlum olduğu kimi ömrünün son günlərində də ölkəsinin əsas komandasının başında oldu. Qocaman mütəxəssis uzunmüddətli karyerası ərzində Buxarest “Dinamo”su (1985-90), “Piza” (1990-91), “Breşia” (1991-95, 1995-96), “Reccana” (1996), “Rapid” (1997-98, 1999-2000), “İnter” (1998-99), “Qalatasaray” (2000-02), “Beşiktaş” (2002-04), “Şaxtyor” (2004-16), “Zenit” (2016-17), Türkiyə yığması (2017-19) və Kiyev “Dinamo”sunu (2020-23) çalışdırdı. Və qeyd etdiyimiz kimi 2024-cü ildə yenidən Rumıniya yığmasına qayıtdı.Böyük mütəxəssis məşqçi kimi beynəlxalq arenada “Qalatasaray”ı 2000-ci ildə UEFA Superkubokunda, “Şaxtyor”u isə 2009-cu ildə UEFA Kubokunda qələbəyə daşıyıb. Zarafat deyil, bu uğurlar da daxil olmaqla 35 titul qazanıb!..

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr