AZ

"Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır"

Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

"Bu gün Rusiya ordusu tərəfindən atəşkəs şərtlərinin mümkün pozulmasına reaksiyamızın parametrlərini müəyyən etdik. Ukrayna sükut rejiminə riayət edəcək və tamamilə güzgü prinsipi ilə hərəkət edəcək. Səmada, quruda və dənizdə Rusiya zərbələrinin olmaması bizim cavablarımızın da olmaması mənasına gələcək", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukraynanın addımlarının güzgü xarakterli olacağı və atəşkəsin Pasxadan sonra da davam etdirilməsinin mümkünlüyü barədə məlumat Rusiya tərəfinə çatdırılıb.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ilə atəşkəs şəraitində Ukrayna bölmələrinin hərəkət qaydasını müzakirə edib və ordunun cəbhədə hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 9-da Rusiya tərəfinin 2026-cı il aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonunadək Pasxa atəşkəsi tətbiq edəcəyini elan edib.

V.Zelenski isə aprelin 10-da Pasxa ilə əlaqədar cəbhə xəttində atəşkəs elan edib.

Seçilən
24
3
redaktor.az

4Mənbələr