AZ

Daşınmaz əmlak şirkətlərinə verilən kreditlər azalıb: NİYƏ?

Bu il mart ayının 1-nə Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə banklar tərəfindən verilən kreditlərin (BOKT-lar istisna olmaqla, vaxtı keçmiş kreditlər daxil edilmədən) həcmi 44 milyon manat təşkil edib.

Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % və ya 39,9 milyon manat azdır. Aylıq müqayisədə isə kreditlərin məbləği 60 % və ya 16,5 milyon manat artıb.

Qeyd edək ki, cari ilin martın 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,4 %, illik müqayisədə isə 9 %-ə yaxın artıb.

Bu azalma bankların risk siyasətinin sərtləşməsi ilə bağlıdır, yoxsa sektorda real durğunluq var? Bankların daşınmaz əmlak şirkətlərinə kredit verməkdə ehtiyatlı davranmasının səbəbi nədir?

"Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, banklar biznesə kredit verməkdə maraqlı olsalar da, bu proses müəyyən şərtlərlə tənzimlənir.

O vurğulayıb ki, son illər kreditlərin qiymətində ciddi artım müşahidə olunur:

"Banklar böyük həvəslə biznesə kredit vermək istəyirlər. Lakin biznes bu krediti əldə etmək üçün şərtlərə cavab verməsi lazımdır. Yəni biznes bankların müəyyən etdiyi kriteriyalara uyğun olmalıdır.

Bankların əsas fəaliyyəti “pul satmaqdır”. Kredit də məhz bu “pul satışı”nın formasıdır. Bank da pul satır. Kredit pullu satışdı. Təbii ki, hər bir satıcı kimi banklar da daha çox məhsul satmaqda maraqlıdır. Amma burada bir neçə mühüm nüans var.

Birincisi, bank məhsulunun, kreditin qiyməti bahalaşıb. Yəni kreditin faizi artıb. Faiz dərəcələrində artım 2023-cü ildən başlayıb və bu il artıq özünün ən yüksək nöqtələrindədir. İkincisi, kreditlərin bahalaşması ilə paralel olaraq daşınmaz əmlak bazarında da qiymətlər sürətlə yüksəlib".

Xalid Kərimli əlavə edib ki, bu isə zəncirvari təsir yaradır:

"Yəni əmlak tikənlər, əmlak şirkətləri üçün kredit faizi əlavə xərcdir. Belə ki, tikinti şirkətləri banklardan kredit götürür və bunu müştəriyə ötürür. Keditin faiz xərcləri son nəticədə mənzil alan vətəndaşların üzərinə düşür.

Ümumilikdə ipoteka kreditləri iki formada olur. Dövlət tərəfindən verilən, daha sərfəli şərtlərə malik güzəştli ipoteka kreditləri və kommersiya banklarının öz vəsaitləri hesabına təqdim etdiyi ipoteka kreditləri. Burada da bahalaşma var. 

Məsələn, 3-4 il əvvəl banklar 9–10 faizlə 10 illik ipoteka kreditləri verə bilirdilərsə, indi bu göstərici 13–15 faizə qədər yüksəlib. Ona görə də vətəndaşlar daşınmaz əmlak üçün əvvəlki həvəs ilə banklardan ipoteka krediti götürməyə maraqlı deyillər".

O bildirib ki, daha sonra iqtisadi aktivlik aşağı düşüb:

"Son 2–3 ildə, o cümlədən bu ilin ilk iki ayında iqtisadi artım cəmi 0,3 faiz təşkil edib. Keçən il isə bütöv il ərzində ümumi iqtisadi artım 1,4 faiz olub. Bu da ölkədə iqtisadi inkişafın ləngidiyini göstərir.

Digər tərəfdən, inflyasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salır. Bütün bu amillər daşınmaz əmlak bazarında biznes aktivliyinin genişlənməsinə mane olur.

Məlumdur ki, sahibkarlar adətən biznesləri yaxşı gedəndə kredit götürürlər və hesab edirlər ki, həmin vəsaiti istehsala yönəldib, məhsulu sataraq borcu rahat şəkildə qaytaracaqlar. 

Burada məsələ bankların kredit verməməsi və ya “pul satmaq” istəməməsi ilə bağlı deyil. Əsas məsələ, birincisi, kreditlərin, yəni maliyyə resurslarının bahalaşması, ikincisi isə ölkədə iqtisadi artım tempinin zəifləməsidir".

Seçilən
26
cebheinfo.az

1Mənbələr