Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
“Rəsmi müraciətlər qəbul olunmur”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahların bağlanmasına qadağa qoyulmasına dair dəyişiklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib: “Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur”.
İctimai fəal insanların köməyinə ehtiyac var
K.Əliyevanın fikrincə, belə halların qarşısının alınması ilə bağlı maarifləndirmə qaydası təsdiq edilib. Sənədin icrası 14 dövlət qurumuna və bütün yerli icra hakimiyyəti orqanlarına tapşırılıb: “Qaydanın icrası istiqamətində aidiyyəti qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən evlilik və qohum evliliyin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır, araşdırmalar aparılır”. Amma buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur: “İctimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında öz töhfəsini verəcək”.