AZ

Tramp NATO nu cəzalandırır: Ağ Evin planında nələr var?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər beynəlxalq siyasi gündəmi silkələyən mühüm xəbərlərdən biri ABŞ-nin NATO-dan çıxacağına dair Ağ Evin yaydığı rəsmi açıqlama oldu.

Məlumatda ABŞ Prezidenti Donald Trampın NATO-nun baş katibi Marko Rutte ilə aprelin 9-da keçirilən görüşündən dərhal sonra bu barədə qərarını elan edəcəyi bildirilirdi. Bu baxımdan, görüşdə əsas müzakirələrin daha çox ABŞ-nin NATO sıralarını tərk etməsi ilə bağlı olacağı ehtimal edilirdi. Lakin görüşdən sonra ABŞ Prezidenti bu mövzunun üzərindən sükutla keçməyə üstünlük verib. Marko Rutte “CNN” jurnalistinin “Tramp NATO-dan çıxacaqmı, ABŞ alyansdakı iştirakını azaldacaqmı?” sualına cavabında baş katib bildirib ki, bəzi NATO ölkələri İrana qarşı müharibədə iştirak etməkdən imtina etməklə sınaqdan çıxa bilmədilər. 

Rutte ABŞ Prezidentinin narazılığını və məyusluğunu tamamilə, aydın başa düşdüyünü deyib. Yəni Tramp müttəfiq ölkələrin Hörmüz boğanın açılmasında ABŞ-yə hərbi dəstək vermədiyinə görə sınaqdan çıxa bilmədiyini və bu səbəbdən müharibə başa çatdıqdan sonra NATO ilə münasibətlərinə yenidən baxacağı ilə hədələmişdi. Prezident Trampın “NATO-nun gələcəyi çox pis olacaq” sözləri ABŞ-nin alyansdan çıxacağı kimi şərh edilmişdi. Çünki ABŞ-nin Şimali Atlantika müqaviləsindən çıxması NATO-nun dağılması deməkdir.

Bu isə Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Ancaq Trampdan fərqli olaraq Marko Rutte hesab edir ki, Avropa ölkələrinin əksəriyyəti logistika, rabitə və hava koordinasiyası sahəsində öz öhdəliklərini yerinə yetiriblər. Rutte buna misal olaraq, Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək üçün təxminən 40 ölkə və onların müdafiə nazirlərindən ibarət koalisiya yaratdığını misal çəkib. Yəni NATO rəhbərliyi Trampın ittihamlarını qəbul etmir və ABŞ-nin alyansdan çıxması üçün hər hansı əsas görmür. 

Rutte Trampla son dərəcə dürüst və dostcasına söhbət etdiyini, ABŞ Prezidentinə NATO əməkdaşlığının müsbət elementlərini çatdırmağı bacardığını deyib. Lakin Ağ Evdən verilən açıqlama ABŞ prezidenti ilə NATO dövlətləri arasında fikir ayrılığının qaldığını göstərir. NATO-nun baş katibi ilə müzakirələrdən əvvəl Tramp administrasiyası müttəfiqlərinə prezidentin ittifaqdan dərin məyusluğu ilə bağlı həyəcanverici siqnallar göndərib. Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərə bildirib ki, Baş katiblə görüşdən sonra Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı amerikalılara müraciət etməsi mümkündür.

Tramp və Rutte arasındakı görüşdən əvvəl “Wall Street Journal” qəzeti isə rəsmi mənbələrə istinadən yaydığı məlumat ABŞ ilə NATO üzvləri arasında həqiqətən ciddi fikir ayrılığının yaşandığını göstərir. Qeyd edilir ki, ABŞ-nin İranı bombalaması və danışıqlardakı mövqeyini dəstəkləməkdən imtina etdiklərinə görə Ağ Ev alyansın bəzi ölkələrini cəzalandırmağı planlaşdırır. ABŞ-nin cəza tədbiri kimi öz qoşunlarını Almaniya və İspaniyadan çıxaracağı deyilsə də, bu xəbər hələ ki, öz təsdiqini tapmayıb. 

Bütün bu məlumatlar Tramp administrasiyasının NATO-ya daxil olan Avropa ölkələrinə qarşı hansısa tədbir görmək planlarının olduğunu göstərir. Çünki ABŞ Prezidenti İranda öz məqsədlərinə tamamilə çata bilməməsinə görə münaqişəyə qarışmaq istəməyən Avropa dövlətlərini günahkar hesab edir. Qeyd edək ki, ABŞ-nin NATO-dan çıxması alyansın mövcudluğuna son qoya bilər. Bu, ABŞ-nin qlobal güc rolunu təmin edən əsas təhlükəsizlik və siyasi platforma kimi böyük əhəmiyyətə malikdir. ABŞ-nin NATO-nu tərk etməsi Avropadakı hərbi bazalarını çıxarması və bu region üzərində nəzarəti itirməsi ilə nəticələnə bilər. 

Eyni zamanda, NATO-nun dağılması Avropa ölkələrinin Rusiya işğalı və beynəlxalq terror təhlükəsi ilə üzbəüz qalması deməkdir.

Halbuki, ABŞ 1949-cu ildə NATO-nun yaranmasından, 1991-ci ildə SSRİ-nin dağılması ilə “soyuq” müharibənin başa çatmasından sonra Avropa ölkələrinin təhlükəsizliyinin əsas təminatçısı rolunu oynayır. Bu baxımdan, Trampın NATO-dan çıxmaq barədə təhdidləri daha çox Avropa ölkələrinə siyasi təzyiq məqsədi daşıyır. Digər tərəfdən, ABŞ Prezidenti İranla müharibədə baş vermiş hər hansı taktiki uğursuzluğa, Hörmüz boğazının bağlı qalması səbəbindən beynəlxalq enerji bazarında yaranmış böhrana görə məsuliyyəti NATO-dakı müttəfiqlərin üzərinə ata bilər. 

Müşfiq Abdulla

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
50
cebheinfo.az

10Mənbələr