AZ

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

Müasir dünya sürətlə rəqəmsallaşır. Bu gün cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində rəqəmsal texnologiyaların təsirləri hiss olunur. Dünya dövlətləri sosial və iqtisadi həyatı daha çevik, daha şəffaf və daha səmərəli etmək üçün rəqəmsallaşma proqramları hazırlayır. İri korporasiyalar rəqabət qabiliyyətini qorumaq məqsədilə böyük məlumat bazalarını yüksək texnologiyalar vasitəsilə emal edir. Vətəndaşlar isə hər gün rəqəmsal xidmətlərdən daha geniş şəkildə istifadə edirlər. Bütün bu proseslər zamanın əsas çağırışıdır. 

Rəqəmsal transformasiya, sadə dillə desək, cəmiyyətin və iqtisadiyyatın müasir texnoloji modelə keçididir. Buraya məlumatların rəqəmsal formada toplanması, emalı, təhlili, xidmətlərin onlayn təqdim edilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və qərarvermədə süni intellekt həllərindən istifadə daxildir. Başqa sözlə, rəqəmsallaşma həyatın sürətini artırır, vaxt itkisini azaldır və insan resurslarının daha səmərəli istifadəsinə imkan yaradır. Süni intellekt isə bu transformasiyanın ən mühüm dayaqlarından biridir. Bu texnologiya böyük həcmdə məlumatı qısa müddətdə təhlil edir, proqnozlar verir, riskləri müəyyənləşdirir və qərarvermə prosesini asanlaşdırır. 

Təcrübə göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı ölkələrin gücünü və beynəlxalq rəqabətdə mövqeyini müəyyən edən əsas amillərdən biridir. Məhz buna görə də rəqəmsallaşma ümumilikdə qlobal inkişafın aparıcı istiqamətlərindəndir. 

Azərbaycan üçün də rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır. Dünyada gedən sürətli texnoloji dəyişikliklər fonunda Azərbaycan da rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Qloballaşan dünyada ölkəmizin coğrafi mövqeyi, enerji və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi, insan kapitalı və mövcud iqtisadi potensialı rəqəmsal inkişaf üçün geniş imkanlar yaradır. Xüsusilə Dördüncü Sənaye İnqilabı şəraitində Azərbaycan regionda innovasiya mərkəzlərindən birinə çevrilmək potensialına malikdir.

Son illərdə ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm addımlar atılıb. Elektron xidmətlərin genişlənməsi, dövlət idarəçiliyində rəqəmsal platformaların tətbiqi, internet infrastrukturunun gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı bunun bariz nümunəsidir. 

Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il fevralın 11-də keçirilmiş müşavirədə ölkəmizin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib. Dövlətimizin başçısı müşavirədə deyib: "Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir". 

Müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilib. Fəaliyyət Planı əsasında bu illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində "vahid məlumat idarəçiliyi" yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları tərəfindən alınmasında "yalnız bir dəfə" prinsipinin reallaşdırılması, proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformaları (portal və mobil tətbiqləri) vasitəsilə göstərilməsi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi həyata keçirilməlidir. Eyni zamanda qlobal istedadları cəlb etmək üçün "rəqəmsal səyyah" vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyən edilməsi, miqrasiya prosedurlarının sadələşdirilməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ-hüquqi aktların tamamilə yenilənməsi nəzərdə tutulur. Fəaliyyət Planı, ilk növbədə, ölkədə rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir.

"Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" da təsdiq olunub. Strategiyanın əsas məqsədi rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi rəqabət qabiliyyətinin artırılmasıdır.  

Beləliklə, Azərbaycan dövlətinin rəqəmsallaşma ilə bağlı mövqeyi aydındır. Dövlət başçısı dəfələrlə qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma iqtisadi inkişafın, milli təhlükəsizliyin və sosial rifahın əsas dayaqlarından biridir. 

Respublikamızda rəqəmsal inkişaf həm dövlət səviyyəsində, həm də özəl sektorun fəal iştirakı ilə daha da sürətlənir. Bu gün Azərbaycanda bankçılıq, telekommunikasiya, logistika, ticarət və xidmət sahələrində rəqəmsal həllər geniş tətbiq olunur. Elektron ödəniş sistemləri, mobil tətbiqlər və onlayn xidmət platformaları gündəlik həyatın ayrılmaz hissəsidir.

Ən vacib məqamlardan biri isə odur ki, süni intellekt və rəqəmsallaşma cəmiyyət üçün yeni iş imkanları yaradır. Bəzi ənənəvi peşələr dəyişir, lakin eyni zamanda proqramlaşdırma, kibertəhlükəsizlik, məlumat analitikası, robot texnologiyaları və rəqəmsal marketinq kimi yeni sahələr formalaşır. Bu isə gənclər üçün yeni perspektivlər açır.

Göründüyü kimi, Azərbaycan bu gün rəqəmsal yüksəliş mərhələsinə daxil olub. Bu yüksəliş novator təşəbbüslərə, dövlətin siyasi iradəsinə və müasir çağırışlara uyğunlaşma bacarığına əsaslanır. Qarşıdakı illərdə süni intellekt və rəqəmsal texnologiyaların daha geniş tətbiqi ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək, idarəetmədə şəffaflığı artıracaq və vətəndaşların həyat keyfiyyətini daha da yüksəldəcək.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr