AZ

ABŞ-nin bahalı kəşfiyyat dronu İran yaxınlığında yoxa çıxdı

ABŞ hərbi dəniz qüvvələrinə məxsus MQ-4C Triton kəşfiyyat pilotsuz uçuş aparatı Hörmüz boğazı yaxınlığında müəmmalı hadisə ilə üzləşib. Musavat.com xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, boğaz üzərində patrul uçuşu həyata keçirən dron qəfil İrana doğru istiqamət götürüb və avtomatik olaraq “7700” fövqəladə siqnalını göndərib. Bu kod aviasiyada hər hansı qəza və ya təhlükə vəziyyətini bildirmək üçün istifadə olunur.

Məlumata əsasən, pilotsuz aparat həmin anda təxminən 52 min fut (təxminən 15,8 km) hündürlükdə uçurdu. Siqnal göndərildikdən sonra dron sürətlə aşağı enməyə başlayıb və 10 min futdan aşağı düşdükdən sonra onun transponderindən gələn siqnal tamamilə itib.

Hadisə açıq mənbəli FlightRadar uçuş izləmə proqramı vasitəsilə də müşahidə olunub. Lakin hazırda dronun taleyi ilə bağlı rəsmi məlumat yoxdur. Hələlik onun qəzaya uğradığı, İran tərəfindən vurulduğu və ya bazaya geri qayıda bildiyi barədə təsdiqlənmiş açıqlama verilməyib.

Forbes qeyd edir ki, MQ-4C Triton son iki gün ərzində iki dəfə Hörmüz boğazı ətrafında patrul uçuşu həyata keçirib. Sonuncu dəfə pilotsuz aparatın izi Fars körfəzi üzərində, transponderdə nasazlıqlar başlayarkən xəritələrdə görünüb. MQ-4C Triton ABŞ-ın ən böyük və ən bahalı kəşfiyyat dronlarından biridir. Onun qanad açıqlığı sərnişin təyyarəsi Boeing 737-dən də böyükdür. Nəşr vurğulayır ki, bu pilotsuz aparatın qiyməti son illər daha da artıb.

“Forbes”in məlumatına görə, 2024-cü il büdcəsi təsdiqlənən zaman bir MQ-4C Triton-un qiyməti təxminən 187 milyon dollara çatıb. Bu isə onu bəzi hallarda hətta köməkçi funksiyanı yerinə yetirməli olduğu P-8 Poseidon patrul təyyarəsindən də baha edir.

Northrop Grumman şirkəti tərəfindən istehsal edilən MQ-4C Triton uzunmənzilli dəniz kəşfiyyatı üçün nəzərdə tutulub. Dron geniş ərazilər üzrə məlumat toplaya, həm dənizdə, həm də quruda müşahidə apara bilir. Onun radioelektron kəşfiyyat sistemi radiasiya mənbələrinin yerini müəyyən etməyə, həmçinin radar zonalarından yayınmağa imkan verir. Bundan başqa, aparat müxtəlif sistemlər arasında məlumat retranslyatoru kimi də fəaliyyət göstərə bilir.

Hazırda ABŞ və İran tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də dronun başına gələnlər müəmmalı olaraq qalır.

E.Məmmədəliyev,
Musavat.com

 

Seçilən
13
4
musavat.com

6Mənbələr