AZ

Binəqədi məhkəməsində qalmaqal - “Hakimə yer var, vəkilə yox”

“Hər gün bir addım "irəli" gedirik. Məhkəmələrin yeni inzibati binası tikiləndə avtomobil parklanma yerləri nəzərdə tutulduğunu görüb sevinmişdik. Sonra hərə öz istədiyinə uyğun qərarlar verməyə başlayır. Bura inzibati binadır, bağ evinizin həyəti deyil axı”.

Bu sözləri vəkil Səbuhi Axundov Binəqədi Rayon Məhkəməsində üzləşdiyi parklanma problemi ilə bağlı deyib. Onun sözlərinə görə məhkəmənin mühafizə xidməti əməkdaşı deyib ki, inzibati binanın iki girişin birinin önündə təmir gedir, digərinə də maşınla giriş olmaz: “Deyirəm, içəridəki avtomobillər üçün meydança boşdur. Deyir, orada hakim, məhkəmə işçiləri və prokurorlara yer var, vəkilə yoxdur. Bunlar hələ də vəkili bu hüquq sisteminin içində görə bilmirlər. Vəkil bunlardan deyil. Ətrafda yer yoxdursa, içəridə dayanacaq da boşdursa, niyə mənə mənasız qadağalarınla zülm verməlisən?! Niyələr çoxdur, amma utanıram bir-bir soruşmağa. Heç yaxşı səslənməyəcək suallar da var”.

cabc7fdf-039d-4de8-b460-6094bf4952b0.jpeg

Binəqədi Rayon Məhkəməsində yaşanan mənzərə əslində bir çox vəkilin hər gün üzləşdiyi reallığın kiçik modelidir. Yeni tikilən məhkəmə binalarına baxanda insan ilk növbədə müasirlik, rahatlıq və sistemli yanaşma ümidi yaranır. Hətta bir vaxtlar sevinclə qarşılanan geniş parklanma sahələri belə bu “müasirliyin” göstəricisi kimi təqdim olunur. Amma reallıq çox vaxt fərqli olur.

Bu problem təkcə Binəqədi Rayon Məhkəməsi ilə məhdudlaşmır. Bakı şəhərində yeni tikilən inzibati binaların böyük hissəsində eyni mənzərə müşahidə olunur. Parklanma yerləri ya kifayət etmir, ya da funksional deyil. Xəstəxanalarda xəstə yaxınları üçün avtomobil saxlama sahəsi ya yoxdur, ya da formal xarakter daşıyır. Məhkəmə və dövlət qurumlarında isə prioritet “daxili təbəqə”yə verilir. Nəticədə şəhər bir paradoksla üz-üzə qalır - müasir binalar tikilir, amma istifadə mədəniyyəti və idarəetmə yanaşması köhnə qalır.

Xəstəxanalarda vəziyyət daha emosionaldır. Təcili gələn xəstə yaxınları park yeri tapa bilmir, küçələrdə cərimə olunur və xaos yaranır. Məhkəmələrdə isə hüquqi prosesə gələn vəkillər və vətəndaşlar “kim harada park edə bilər” sualı ilə qarşılaşır. Əgər bir inzibati binanın parklanma sahəsi var, amma hamı üçün deyil, bu artıq texniki yox, idarəetmə problemidir. Vəkillərin, həkimlərin, vətəndaşların eyni məkanda fərqli statuslarla qarşılanması isə hüquqi dövlət anlayışına zidd bir görüntü yaradır. Digər tərəfdən də əgər bina hamı üçün tikilibsə, niyə onun parklanma yeri hamı üçün deyil?

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
2
1
musavat.com

10Mənbələr