
Yaz aylarında bir çox insanın şikayət etdiyi problemlərdən biri də gözlərdə qaşınma və sulanmadır. Bu hallar əksərən zərərsiz görünsə də, bəzi hallarda ciddi narahatlıqlara və fəsadlara səbəb ola bilər.
Bunun bir çox səbəbi var. Bəs görəsən, bu səbəblər nədir?
Yaz mövsümündə havada tozcuqların (polenlərin) artması gözlərdə allergik reaksiyalara səbəb olur. Bu vəziyyət tibbdə Allergik konjonktivit adlanır.
Əsas səbəblər:
Bitki və ağac tozcuqları
Toz və külək
Günəş şüalarının təsiri
Kontakt linzaların düzgün istifadə olunmaması
Əlamətləri
Gözlərdə qaşınma
Sulanma və yaşarma
Qızartı
Yanma hissi
İşığa qarşı həssaslı
Ziyanı nədir?
Sadə görünsə də, bu problemi laqeyd yanaşmaq düzgün deyil:
1. Gözün zədələnməsi
Qaşınan gözü davamlı ovuşdurmaq gözün üst qatını (korneanı) zədələyə bilər.
2. İnfeksiya riski
Əl ilə gözə toxunmaq bakteriyaların keçməsinə səbəb olur və bu da infeksiyaya gətirib çıxara bilər.
3. Görmə keyfiyyətinin azalması
Uzun müddət davam edən allergiya göz quruluğu və bulanıq görməyə səbəb ola bilər.
4. Xroniki hala keçmə
Müalicə olunmazsa, allergiya mövsümi yox, daimi problemə çevrilə bilər.
Nə etmək lazımdır?
Gözləri ovuşdurmamaq
Çöldən gəldikdən sonra üz və gözləri yumaq
Gün eynəyindən istifadə etmək
Həkim məsləhəti ilə antihistamin damcılar istifadə etmək
Tozlu və küləkli havalarda qorunmaq
Qaşınma uzun müddət keçmirsə, gözlərdə irin və ya güclü ağrı varsa, görmədə zəifləmə hiss olunursa həkimə müraciət edilməlidir.(axsam.az)