525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Telman ORUCOV
(Əvvəli ötən cümə sayımızda)
Azərbaycandakı anaxronizm nişanəsi olan adlara gəldikdə, onlar keçən dövrlərdə də işlənirdi. XIX əsrin maarifçi alimi Bakıxanovun adı Abbasqulu idi, keçən yüzilliyin görkəmli yazıçısı və naşirinin soyadında isə "Məmmədqulu" sözü var idi. Kiminsə qulu olmaq ismi göstərilməyəndə, sadəcə "Qulu" adı da yayıldı, XX əsrdə bu adı populyar müğənni və ədəbiyyatşünas daşıyırdı. Ərəb dilində "qul" mənasını verən sözdən düzəldilmiş Əbdülpəhman, Əbdürrəhman və bu qəbildən olan digər adlar da xalqımız tərəfindən istifadə olunmuşdu. "Qulu" ilə yanaşı, "Qulam" adına sahib olanlara da təsadüf olunurdu. Başqa türk xalqlarında isə belə adlara rast gəlinmir, təkcə XVIII əsrin böyük türkmən şairi, bənzər qaydada Maxtumkulu adını daşıyırdı, onun ədəbi adı isə Fragi idi. Həmin xalqda "Qurbanqulu" adına da rast gəlinir.
Xilafətdə yaşamağa başlayan türklər böyük ambisiyalara da malik idilər və öz məqsədlərinə nail olmaq üçün fürsəti əldən vermirdilər. 1055-ci ildə Türk lideri Bağdadı işğal etdi və Abbasi imperiyasının sultanı tituluna yiyələndi. Səlcuqlar sonra Misirə və Bizans imperiyasına hərbi təzyiqi gücləndirdilər. 1071-ci ildə Manzikert döyüşündə onlar Bizans ordusunu qaçmağa məcbur etdilər. Bizanslılar Qərbdən kömək xahiş etdilər və papa bu xahiş əsasında Səlib yürüşünə başlamaq göstərişini verdi. Müxtəlif situasiyalara görə, səlibçilər ancaq Konstantinopolu işğal etdilər.
Bizansa sərt təhlükə barədəki çağırış Səlcuq türklərindən gəlirdi, onlar imperiyanın ürəyi sayılan, başlıca qida və "ton əti" mənbəyi olan Kiçik Asiyaya köçürdülər. 1071-ci ildə Manzikertdə Bizans qüvvələrini məğlub etdikdən sonra, türklər Anatoliyada irəliləməyə başladılar. Burada kəndlilər Bizans torpaq sahiblərinin onları ağır istismar etmələrinə görə, türkləri sevinclə qarşıladılar. İmperator I Aleksis ona kömək göstərilməsi barədə xahişlə müraciət etdi. İmperatorun xahişinə pozitiv cavab, Səlib yürüşünə gətirib çıxardı. Bizans imperatoru isə sonra buna ancaq peşmançılıq hissi ilə yanaşmalı oldu. İslam dünyasının parçalanması da, xristianların Şərqə hücumu üçün onların cəsarətlənməsinə yaxşı şərait yaratmışdı və Roma papası bundan istifadə etməkdə heç bir tərəddüdə yol vermədiyindən, Səlib yürüşləri seriyası meydana gəldi.
Monqol imperiyası
Böyük Aleksandrın Şərqə zəfərli yürüşündən 1,5 min il sonra yenidən, bu dəfə Şərqlə Qərbin birləşməsinin nəzərdə tutulmayan sıx əlaqələri baş verdi. İndi də bu birləşmənin mühüm vasitəsi, qanlı müharibə və işğal yürüşləri oldu. 1206-cı ildə birləşmiş Monqolustanın hökmdarı kimi, Çingiz xan adı altında bir görkəmli şəxsiyyət meydana gəldi. O, böyük ordunu formalaşdıraraq, bu tayfaları uğurla vahid bir dövlətdə birləşdirmişdi. Orduda işğal edilmiş ərazilərdən olan döyüşçülər də iştirak edirdilər. Çingiz xan həm də dini tolerantlığı ilə seçilirdi və birləşmənin həllində bu, heç də az rol oynamamışdı. Hannibalın ordusu kimi onun süvarilərinin içində müxtəlif dilə, dinə, xalqa mənsub olan döyüşçülər var idi. Onun ordusunda çinlilər də, müsəlmanlar da, buddistlər də xidmət edirdi və çalınan qələbələrə onlar öz töhfələrini verirdilər. Çünki yeni hərbi texnologiya, çinlilərdən götürülmüş yanan şarlar, monqollar tərəfindən Macarıstana yürüş vaxtı geniş istifadə edilmişdi.
Makedoniyalı Aleksandrdan fərqli olaraq Çingiz xan çar oğlu deyildi, kiçik bir tayfanın öldürülən başçısının oğlu idi. O, atasının qisasını almağa can atırdı, qəddarlığını da sınaqdan çıxarmışdı. Qardaşından ov ətindən ona da verməsini xahiş etdikdə, buna əməl etmədiyinə görə ox atəşi ilə onu öldürmüşdü. Tatarlar onun sevimli arvadı Börtkəni oğurlayıb, girov götürmüşdülər. Çingiz xan gücləndikdən sonra onları hücumla məğlub etməklə, arvadını azad etməyi bacarmışdı. O, tatarların qırğınının təşkil etdi, boyu araba çarxından yuxarı olan oğlanlara mərhəmət göstərməyib, onların hamısını məhv etdi, boyu aşağı olan kiçik uşaqları isə öz ruhunda tərbiyə edəcəyinə inandığına görə öldürmədi.
Ona sədaqətsizlik, əslində xəyanət edən və düşmən qüvvələrinə qoşulan uşaqlıq dostunu da bağışlamayıb, dəhşətli qaydada edam etdirmişdi. O, işğala can atan, qan axıtmağı sevən bir sərkərdə idi və bu həvəsində fasilə verməyi tanımırdı. Xarəzm şahı tacirləri və onun göndərdiyi elçini öldürdükdə, qisas almaq üçün Xarəzmə yürüş etdi. Şəhəri tutduqdan sonra o, döyüşçülərinə müraciət edərək, indi ot çalımı vaxtı yetişmişdir, dedi. Bundan sonra şəhərdə qətllər və qarət kütləvi şəkil aldı.
Lakin Çingiz xan həm də ədalətli hökmdar hesab olunurdu, ona tabe olanları yalnız müdafiə edirdi. Onun yaratdığı "Ana Yasa" qanunlar məcəlləsi bir sıra cəhətlərinə görə hətta məşhur Hammurabi Kodeksi ilə müqayisə oluna bilərdi.
Əlbəttə, Çingiz xan bunu bir məqsəd kimi qəbul etməsə də, Şərqdə Şimali Çin ərazisindən başlayaraq, Mərkəzi Asiya daxil olmaqla, qitənin böyük ərazisini işğal etmiş, onun varisləri isə Rusiyanı və Şərqi Avropanı, Cənubi Qafqazı və İslam xilafətinin paytaxtını işğal etmişdi. Beləliklə, o, özü bunu anlamasa da, bir məqsəd kimi hesab etməsə də, əslində Şərqlə Qərbi birləşdirmək üçün böyük iş görmüşdü. O, dünyada və tarixdə ikinci nümunəsi olmayan nəhəng bir imperiya yaratmışdı və o, XX əsrdəki SSRİ imperiyasından da xeyli böyük idi. O, özü hiss etməsə də, o vaxtkı dünyanı birləşdirmək vəzifəsinin həllinə yanaşmışdı. Ondan səkkiz əsr əvvəl Attila da Hun ordusuna başçılıq edərək, Romaya, bütünlükdə Avropaya böyük təhlükə törətmiş, geniş ərazilər işğal etmişdi. Çingiz xandan fərqli olaraq, onun ölümü, öz imperiyasının mövcudluğunun məhvinə və Avropanın xilasına şərait yaratmışdı.
Makedoniyalılardan və yunanlardan fərqli olaraq, monqollar öz qüvvələrini əsasən xalqları əsir etməkdə, şəhərləri dağıtmaqda görürdü. Çöl adamları olduqlarından, onlar şəhər mədəniyyətinə, urbanizasiyaya tam yad idilər. Ancaq öz paytaxtları Karakorumu şəhər kimi inkişaf etdirmişdilər və orada müxtəlif xalqların nümayəndələri ayrıca kvartallarda kompakt yaşayırdılar.
Böyük Aleksandrdan fərqli olaraq Çingiz xan işğal etdiyi ərazilərdə heç bir şəhər salmamışdı. Monqolların yaratdığı Qızıl Orda dövləti də az sonra tarixdən silinmiş, ondan xatirə kimi yalnız Krım xanlığındakı tatarlar qalmışdı. Əgər Aleksandrın ən böyük abidəsi Aleksandriya idisə, Çingiz xan bu sahədə hansısa bir xidməti ilə öyünə bilməzdi. Onların hər ikisi işğalçı və vandal idi, lakin həm də bir-birilərindən kəskin surətdə fərqlənirdilər. Aleksandr işğal etdiyi xalqlara düşmən kimi baxmadığı halda, Çingiz xan təslim etdiklərinə yenə də loyal münasibət göstərmirdi.
Lakin Çingiz xanın müsbət xidmətlərini də inkar etmək düzgün olmazdı. Onun yaratdığı imperiya öz ərazisinin ağlasığmaz böyüklüyü ilə beynəlxalq ticarətə olduqca əlverişli şərait yaratmışdı. Bu vaxt Asiyanı, Avropaya aparan çox sayda ticarət yolları kəsib keçirdi. Məşhur "İpək yolu" azad ticarət marşrutu kimi öz imkanlarını xeyli böyütmüşdü. İmperiyada gömrük məntəqələrinin sayı kəskin surətdə azaldılmış, tacirlərin incidilməsi praktikasına son qoyulmuşdu. Tacirlərin qarət edilməsi, ticarətə əngəl törədilməsi halları aradan qaldırılmışdı. Bu yollar vasitəsilə Çin və Avropa mallarının qarşılıqlı ticarəti gedirdi. Ticarət həm də inkişaf etmiş mədəniyyətlərin başqa ölkələrə ötürülməsinə yaxşı şərait yaradırdı. Asiyadan Avropaya səfər etmək də tam təhlükəsiz idi.
Çingiz xan böyük ordu yaratmaq hesabına, çöl tayfalarının birləşdirməklə, vahid Monqolustan dövlətini qurmağa nail olmuşdu. Bunda birləşən insanlar Çingiz xana sitayiş edir, onu canlı allah hesab edirdilər. Axı Temuçinin qəbul etdiyi ad da, "dəniz" sözünə yaxın olmaqla, nəhayətsiz ərazilərə nəzarət edəcəyini nəzərdə tuturdu.
Lakin Çingiz xanın iki qitəni, o vaxtkı dünyanın mühüm hissələrini birləşdirmək cəhdi baş tutmadı. Avropalılar qitənin mərkəzinin və qərbinin də onun işğal edəcəyindən çox qorxurdular. Hətta Fransada şayiə yayılmışdı ki, Çingiz xan əjdahanı da məşq etdirir ki, onun köməyi ilə bütün Avropanı işğal etsin. Fransa kralı bu qorxuya görə Monqolustanın paytaxtına öz emissarını göndərmişdi ki, vəziyyətdən tam hali ola bilsin.
1227-ci ildə Çingiz xanın ölümü monqol ordusunun Qərbə yürüşünə son qoydu. Mövcud qaydaya görə, dövlət başçısı öləndə, ordu sərkərdələri paytaxt Karakopuma toplaşıb, varisi müəyyən etməli idi. Ona görə də Monqol ordusunun sonralar Avropadan geri çəkilməsi baş verdi. Baş varis kimi Çingiz xanın üçüncü oğlu Uqezey təsdiq olundu. Ata digər oğullarına da ərazinin ayrı-ayrı hissələrinin idarə etməyi vəsiyyət etmişdi.
Ona görə də iki qitənin timsalında dünyanın nəhəng miqyasda birləşdirilməsi məqsədi baş tutmadı, əslində, bu vəzifə heç planlaşdırılmamışdı da.
Monqollar Şərqi Avropa ölkələrindən geri çəkildilər. Lakin Çingiz xan sülaləsi uzun illər, hətta əsrlər ərzində Çini, Rusiyanı, Mərkəzi Asiyanı, İslam xilafəti ərazisini idarə etməkdə, asılılıqda saxlamaqda davam etdi.
Bir məsələni də qeyd etmək lazımdır ki, Monqol hökmranlığı təkcə Avroasiya ticarət səfərlərinə stabillik və inkişaf gətirmədi, lakin həm də bədbəxtlik nişanəsi olan infeksiya yayan siçovulların yayılması üçün də arteriya rolunu oynadı. Bu siçovullar bubon taununu Şərqi Asiyaya və Avropaya gətirmişdilər. XIV əsrin ortasındakı illərdə tarixdə ən məhvedici xəstəlik əmələ gəldiyindən, bu bəla Qara Ölüm adlanırdı. 1348-ci və ondan sonrakı ildə bütün dünyada əhalinin kütləvi surətdə ölümü baş verdi. Hətta izolyasiya şəraitində olan monastırlara da taun gedib çıxmışdı.
Böyük taun, özbaşınalığını əslində Asiyadan götürmüşdü. Bir qədər əvvəl Avropadan və Orta Şərqdən yoxa çıxdıqdan sonra, bubon taunu şimali-qərbi Çində yayılmağa başladı. 1300-cü illərin əvvəllərində Monqol qoşunlarını müşayiət edərək, taun Mərkəzi Çində və sonra ölkənin şimali-şərqində yayıldı. Pekinin yaxınlığındakı əyalətdə əhalinin 90 faizi ölmüşdü. Çin əhalisi XIV əsrin ortasındakı 120 milyondan, 1400-cü ildə 80 milyona enmişdi. Mərkəzi Asiyada yayılan taun 1339-cu ildə Səmərqəndə çatdı və İpək Yolunda karvanlar hərəkətlərini dayandırmalı oldu. Mərkəzi Asiyanın ticarət karvanları taunu Qərbə, Qara dənizin sahilinə, 1347-ci ildə isə Konstantinopola çatdırdı. Bizans imperatoru VI İoann öz oğlunu itirdi. Xəstəlik Dunayın sahili boyu əhalisinin əksəriyyətini öldürdü. 1348-ci ildə taun Misirdə, Məkkədə, Dəməşqdə və Orta Şərqin digər hissələrində yayıldı. Qara Ölüm Avropa əhalisinin üçdə birini məhv etdi, şəhərlərdə əhali qırıldığından, küçələrdə canavarlar gəzirdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.