AZ

Sosial şəbəkələrin məşhur sözü: Narsist əslində kimdir? - AÇIQLAMA

Narsisizm son illərdə ən çox müzakirə olunan psixoloji anlayışlardan birinə çevrilib. Sosial şəbəkələrdə və gündəlik həyatda insanlar tez-tez bir-birini “narsist” adlandırsa da, mütəxəssislər bu anlayışın düşündüyümüz qədər sadə olmadığını vurğulayır.

Bəs əslində narsisizm nədir?

Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova Ölkə.Az-a açıqlamasında bildirib ki, narsisizm şəxsiyyət pozuntusudur, yəni psixiatrik xarakterli bir problemdir.

Onun sözlərinə görə, narsisizmlə bağlı çoxlu filmlər çəkilir, hekayələr və kitablar yazılır və buna görə də insanlar bəzən düşünürlər ki, hər kəsə “narsist” demək olar:

"Əlbəttə ki, belə deyil. Narsist diaqnozu almaq üçün xüsusi psixiatrik qiymətləndirmədən keçmək lazımdır. Yəni hər kəs bir-birinə asanlıqla narsist deyə bilməz.

Uşaqlıq faktoruna gəldikdə isə, narsist valideyn tərəfindən böyüdülən uşaqlarda bu xüsusiyyətlərin formalaşma ehtimalı ola bilər. Amma bu, mütləq şərt deyil. Bəzən çox sakit və normal ailə mühitində də narsist xüsusiyyətlərə malik insan formalaşa bilər. Bu həm genetik amillərlə, həm tərbiyə ilə, həm də böyümə mühiti ilə bağlıdır.

Narsist insanlar əslində daxilən özgüvənsiz olurlar. Lakin kənardan özlərini elə təqdim edirlər ki, sanki çox özgüvənlidirlər. Onlar qarşı tərəfi incitməyə, əzməyə və təsir altında saxlamağa çalışır, eyni zamanda tez-tez başqalarını günahlandırırlar. Bu davranışlar vasitəsilə vəziyyəti nəzarətdə saxlamaq onlar üçün daha asan olur.

Narsist insanlarla münasibətdə mümkün qədər sakit davranmaq lazımdır. Onların hər istədiyini yerinə yetirmək düzgün deyil. Ən doğru yanaşma onları olduğu kimi qəbul etmək və sərhədlər qoymaqdır.

Əgər narsist insan müalicəyə açıqdırsa və psixoloqla işləyirsə, müəyyən qədər dəyişiklik mümkündür. Lakin bu proses çox çətin gedir. Ümumiyyətlə, narsist insanlarla işləmək çətindir, çünki onlar çox vaxt öz səhvlərini qəbul etmirlər. Müalicə olunduqları və müəyyən irəliləyiş əldə etdikləri halda isə onlarda daha çox humanizm formalaşa bilər.

Buna baxmayaraq, narsisizm dərin və köklü bir problemdir. Ona görə də narsist insanlarla ünsiyyətdə olanlar mümkün qədər sərhədlərini qorumalı və münasibətdə balanslı davranmalıdırlar".

Həmidə İbrahimova


Seçilən
5
2
azia.az

3Mənbələr