Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş təcrübənin paylaşılması, həmçinin bu istiqamətlər üzrə aktual məsələlərin müzakirəsi olub.
Konfransdan öncə DİM-in rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Kollektivin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub və onun xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib.
Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də beynəlxalq təşkilatlardan 200-dən çox nümayəndə iştirak edib.
Əvvəlcə DİM-in 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, DİM hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edir. DİM ədalət və şəffaflıq prinsiplərinə əsaslanan mühüm institut kimi fəaliyyət göstərir. İmtahanların təşkili prosesində ölkə üzrə təxminən 15 min təşkilatçı, 7 min ekspert və 5 min müəllif və marker iştirak edir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, DİM hazırda Azərbaycan vətəndaşları haqqında ən əhatəli informasiyaya malik qurumdur. Nazir müstəqillik illərində imtahan sistemində şəffaflıq və ədalət prinsiplərinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Daha sonra Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin sədri Bayram Ali Ersoy, Beynəlxalq Dinlərarası Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Amra Sabic-El-Rayess, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Mafu Rakometsi, Astana Dövlət Qulluğu üzrə Regional HUB-ın sədri Alixan Baimenov, Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədr müavini Alibek Axmedyar, Özbəkistan Respublikası Prezidentinin yanında İdarəetmənin Səmərəliliyi Agentliyinin direktor müavini Muzaffar Akramov, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi nəzdində Milli Test Mərkəzinin direktor müavini Talqat Niyazov, Bilik və Kvalifikasiyanın Qiymətləndirilməsi Agentliyi direktorunun müşaviri Xayitov Abduvoxob və Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Jumaqulova çıxış ediblər. Çıxışçılar konfransın təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində peşəkar mübadilə vasitəsinə çevriləcəyinə və stimullaşdırıcı rol oynayacağına əminliklərini ifadə ediblər.
Açılış mərasimində, həmçinin Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin “Süni intellekt dövründə qiymətləndirmə sistemlərinin qorumalı olduğu dəyərlər” mövzusunda videomüraciəti təqdim olunub.
Ardınca Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokulu imzalanıb. Sənəd DİM ilə yanaşı Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.
Protokol türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Sənəd çərçivəsində birgə tədbirlərin təşkili, bilik və təcrübə mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, həmçinin süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Bununla yanaşı, elmi əsaslara uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması, türk dillərinin təşviqi və beynəlxalq təcrübənin tətbiqi də prioritet istiqamətlər kimi müəyyən edilib. Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minib və 5 il müddətində etibarlı olacaq.
Daha sonra konfransın əsas məruzəçisi Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa “Süni intellekt dövründə qiymətləndirmə savadlılığı: İslahatların effektivliyini təmin edən bacarıqların formalaşdırılması” mövzusunda çıxış edib.
Konfrans yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu və yüksək əhəmiyyətli kütləvi imtahanlar: hədəflər, çətinliklər və fürsətlər” və “Rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı üzrə strategiyalar” mövzularında panel müzakirələrlə davam edib.
Beynəlxalq konfransda 20-dən çox mövzu üzrə məruzə təqdim olunub və sessiyalar günün sonunadək davam edib.