AZ

"Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq” - “Sabah”ın çalışdırıcısı 6:1 udduqları rəqibi təriflədi

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq futbol turnirində iştirak edib. Nasir Nəsirlinin çalışdırdığı yeniyetmə “bayquşlar” qrup mərhələsində “Manavqat” (4:0), “TSİ Academy” (7:1) və “Göztəpə” (6:1) (hamısı Türkiyə) komandalarını məğlub edib. “Sabah” yarımfinalda “Kardələnspor”u (5:1) üstələyərək həlledici matça vəsiqə qazanıb. Finalda isə ölkəmizi təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub. 

Antalya səfəri ilə bağlı baş məşqçisi Nasir Nəsirli ilə danışdıq.

- Turnir haqda fikriniz necədi? Sizcə, bu oyunların komandaya xeyri dəydimi? 
- Turnir çox yaxşı keçdi, maraqlı oyunlar oldu, Həm yerli, həm də xarici komandalar iştirak edirdi, bu da bşaqların beynalxalq oyun təcrübəsi toplaması baxımından çox faydalıdı.

- Hansı oyunda daha çox çətinlik çəkdiz? 
- “Göztəpə”ni vurğulayardım. Hesaba baxmayaraq, “Göztəpə” həm texniki, həm də fiziki baxımından çox yaxşı komandadı. Xüsusən də meydandakı vəziyyətə uyğun sürətli qərar verirlər.

- Belə turnirlərdə müntəzəm iştirakın faydalarını görürsüz? 
- Bəli, daim belə tunirlərdə oynamaq uşaqlarda beynalxalq oyun təcrübəsini artırır. Müxtəlif ölkələrdən olan komandalarla oyunlar onların təkcə futbolçu yox, həm də şəxsiyyət kimi təsəvvürlərinin formalaşmasına, daha da inkişaf etmələrinə şərait yaradır.
 
- Çempion heyətinizdən yığmaya cəlb olunan futbolçular var? 
- Bu yaş qrupu hazırda U-14 liqasında oynayır. Gələn ildən milli komandaya dəvət oluna bilərlər. Düşünürəm ki, milli komandaya dəvət olunsalar, ümidləri doğruld, faydalı ola biləcək uşaqlarımız var.

- Başqa beynəlxalq turnirlərdə iştirakınız gözlənilirmi? 
- Bəli, akademiyamızın hər yaş qrupu il ərzində bir neçə beynəlxalq turnirdə iştirak edir. Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq. 

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
26
1
football-plus.az

2Mənbələr