BAKI,TurkicWorld
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.
TurkicWorld xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Mərkəzin binası haqqında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Baş nazir İnqa Ruqiniene əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan İnqa Ruqinieneyə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Daha sonra qonaq "Kukla incəsənətdə" sərgisi ilə tanış olub. Bildirilib ki, sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da mövcuddur.
"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra İnqa Ruqiniene Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Baş nazir daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Sonda Litvanın Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib, o, Mərkəzdən xoş təəssüratla ayrılıb.