Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi altıncı nəsil GCAP qırıcı təyyarə layihəsi ciddi maneələrlə üzləşib. 2035-ci ilə qədər tamamlanması planlaşdırılan layihənin vaxtında hazır olmayacağı ehtimal olunur.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, mümkün gecikmə maliyyə problemləri və xərclərin həddindən artıq artması ilə bağlıdır. Yaranmış vəziyyətdə proqramın iştirakçılarının sayının artırılması müzakirə edilir. Belə ki, layihəyə daha bir neçə ölkənin cəlb olunması nəzərdə tutulur.
Potensial tərəfdaşlar arasında Avstraliya, Almaniya, Polşa, Səudiyyə Ərəbistanı, Sinqapur və İsveçin adları çəkilir. Bundan əlavə, Kanada artıq müşahidəçi statusu almaq üçün müraciət edib.
Britaniya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, layihə iştirakçıları proqramın hədəflərinə və müəyyən olunmuş qrafikə sadiq qalmaq şərtilə yeni tərəfdaşları qəbul etməyə hazırdırlar.